Dünən Nəsimi rayonunda Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 47 illiyi münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyev 47 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildiyini vurğulayıb: "Həmin tarixi gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı. Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edildi, əhalinin şəraitinin yaxşılaşdırılması üçün genişmiqyaslı mənzil tikintisi layihələri həyata keçirildi".
Tədbirdə qeyd edilib ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdi. Bu gün Heydər Əliyevin əsasını qoyduğu siyasət, Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə "Azintur" ASC-nin sədri Aydın Heydərov, rayon veteranlar şurasının sədri İsmayıl Fərəcov, rayon ziyalısı İmanverdi Həmidov və başqaları Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Ulu Öndər Heydər Əliyevin uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək və fayda verəcək qiymətli irs yaratdığını qeyd ediblər.
A.KAMALQIZI