İyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində yerləşən "AF-Hotel" mehmanxanasında model layihə əsasında hazırlanan çimərliyin açılış mərasimi keçirildi. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq sahə üzrə əməkdaşları, fövqəladə hallar, səhiyyə, ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri, Bakı şəhəri və onun rayonlarının icra hakimiyyəti başçılarının müavinləri və turizm sektorunun nümayəndələri iştirak edirdi.
Çimərlikdə yaradılan şəraitlə tanış olan nazir Əbülfəs Qarayevə məlumat verildi ki, bir ay müddətində yenidən qurulan çimərlikdə turistlərin rahat istirahəti üçün hər cür şərait yaradılıb. Burada istirahət edən insanlar dənizlə yanaşı, çimərliyin ərazisində yaradılmış hovuz, soyunub-geyinmə otaqları, duş otaqları, çətirlər və digər vasitlərdən də faydalana bilərlər. Həmçinin, insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsi də fəaliyyət göstərir. Bildirildi ki, mövcud yerli və beynəlxalq standartlar nəzərə alınaraq, hazırlanan çimərlikdə sağlamlıq imkanları məhdud şəxslərin də istirahətinin təşkili məqsədilə lazımi şərait yaradılıb. Diqqətə çatdırıldı ki, bütün insanlar üçün çimərliyə daxil olmaq ödənişsizdir. Yalnız əlavə xidmətlərə görə ödəniş tələb olunacaq.
Ə.Qarayev digər müvafiq ərazilərdə də belə çimərliklərin açılmasının məqsədəuyğun olduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə çimərlik turizminin davamlı inkişafını, yerli və xarici turistlərin yüksək keyfiyyətli çimərlik xidmətlərindən faydalanmasını, turizm xidməti obyektlərində insanların təhlükəsizliyini və sanitariya-epidemioloji sağlamlığını təmin etmək, həmçinin bu sahədə özəl sektor üçün çimərlik ərazilərinin standartlara uyğun planlanması və idarə edilməsi modelinin tətbiq olunması çox vacibdir.
Nazir çimərliyin işinin müasir standartlara uyğun təşkil olunması üçün müvafiq tövsiyələrini verdi.
ZÜMRÜD