PDF Oxu

Siyasət

  • 17

Bəhruz Quliyev: “Məhz xarizmatik lider öz xalqına, millətinə söykənərək dövləti xilas edir” AÇIQLAMA

Bəhruz Quliyev: “Məhz xarizmatik lider öz xalqına, millətinə söykənərək dövləti xilas edir” AÇIQLAMA

"İlk olaraq, qardaş Türkiyə Cümhiriyyətində dövlətçilik və demokratiyanın müdafiəsi uğrunda canlarından keçənlərə Allahdan rəhmət diləyir, türk millətinin başı sağ olsun deyirəm. Təbii ki, Türkiyədə baş verən məlum hadisələr Azərbaycanda da böyük həyacan və narahatlıqla izlənilirdi və bu gün də belədir". Sözügedən fikirləri SİA-ya "SƏS" Media Qrupunun baş direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev iyulun 15-i və 16-da Türkiyədə baş verən dövlət çevrilişi cəhdinə və bu cəhdin uğursuzluqla nəticələnməsinə münasibətini bildirərkən deyib. Onun fikrincə, dövlət çevrilişinə hərbi yolla cəhd xalqın demokratik seçkilər vasitəsilə seçdiyi hakimiyyətə qarşı silah qaldırmaq kimi qəbul olunmalıdır. Buna isə xəyanət deyilir: "Bu baxımdan, hesab edirəm ki, dövlət çevrilişinə cəhd, həmin ərəfələrdə yaşanan qanlı olaylar, ümumiyyətlə, bir qrup yüksək hərbi rütbəli şəxsin öz millətinə, dövlətinə qarşı silahdan, ağır texnikadan, eləcə də hərbi aviasiyadan istifadə etməsi bağışlanmaz xəyanəti idi".Bəhruz Quliyev qeyd edib ki, türk xalqının bu imtahandan qürurla, mərdliklə çıxması növbəti dəfə sübut etdi ki, artıq güc yolu ilə hakimiyyətə gəlmək qeyri-mümkündür: "Əlbəttə, o da sirr deyil ki, qardaş ölkədə çevriliş yolu ilə hakimiyyət dəyişikliyi etmək istəyən güclər, paralel yapılar mövcud olub. Lakin həmin qüvvələr bir faktoru unudublar ki, mövcud beynəlxalq siyasi aləmdə artıq belə bir dəyişilməz tendensiya mövcuddur - hakimiyyət dəyişikliyi güc yolu ilə deyil, yalnız demokratik seçkilər yolu ilə baş verə bilər. Biz bunu Türkiyədəki hadisələr fonunda dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlarından da gördük. Onlar birmənalı olaraq Türkiyə iqtidarını dəstəklədilər və qanuni hakimiyyətin yanında olduqlarını bəyan etdilər.Hətta qardaş ölkədə fəaliyyət göstərən və kifayət qədər nüfuza malik olan CHP, MHP və s. kimi radikal müxalifət partiyaları hakim Ədlaət və İnkişaf Partiyasına dəstək göstərdilər. Türkiyə Böyük Millət Məclisinin növbədənkənar iclasında çıxış edən müxalifət partiyalarının liderləri hərbi xuntanın ayaq açıb yeriməsinə imkan verməyəcəklərini, ölkənin, millətin təhlükəsizliyi naminə iqtidarla bir yerdə olacaqlarını, bu istiqamətdə müştərək addımlar atacaqlarını qətiyyətlə bəyan etmiş oldular".Bəhruz Quliyev həmçinin Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözügedən hadisələrlə bağlı verdiyi açıqlamasını şərh edərək deyib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev də bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirib: "Bir daha isbatlandı ki, Azərbaycan daim Türkiyə dövlətinin və xalqının yanında olub və olacaq. O cümlədən, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti xalqımız da hərtərəfli şəkildə dəstəkləyir. Ölkə başçımız Türkiyədə çevriliş cəhdinin qarşısının alınması, vəziyyətin sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri də dəstəkləyib. Belə ki, Cənab İlham Əliyev qardaş ölkədə qısa zamanda vəziyyətin normallaşacağına ümidvar olduğunu bildirib. Bu, bir daha Azərbaycanın qardaş ölkəyə sözügedən məsələdəki rəsmi mövqeyinin bariz göstəricisidir".

Bəhruz Quliyev tarixi məqamı xatırladaraq bildirib ki, Azərbaycan xalqı bənzər hadisələri 22 il öncə yaşayıb: "1994-cü ildə yenicə müstəqillik qazanmış Azərbaycanda da demək olar ki, eyni vəziyyət hökm sürürdü. Xalqın seçimi ilə hakimiyyətə gəlmiş və dövlət quruculuğunun təməllərini möhkəmlədən hakimiyyətə qarşı bir qrup silahlı xəyanətkar bir neçə dəfə çevriliş etməyə cəhd göstərdi. Lakin televiziya vasitəsilə çıxış edən Ulu Öndər Heydər Əliyevin bir çağırışı ilə yüz minlərlə vətəndaş küçələrə axışdı, paytaxtın mərkəzinə toplaşaraq dövlətçiliyimizin müdafiəsinə qalxdı. Yəni xatırlatmaq yerinə düşərdi ki, bu tarixi hadisə 22 il öncə Azərbaycanda da yaşanıb, sınaqdan çıxıb. Xalq öz dövləti ilə bir yerdə olanda istəsə lap yüzlərlə zirehli texnika və silah-sursat olsun, kimsə onun qarşısından geri çəkilməyəcək, əksinə xalq onların üzərinə yericəyək. Ona görə də xüsusilə vurğulamaq yerinə düşərdi - mövcud hadisələr göstərir ki, dövlət çevrilişinə cəhddə xarizmatik lider bilavasitə öz xalqına, millətinə söykənərək dövləti xilas edir. Məhz Ulu Öndər Heydər Əliyev faktoru da o zamanlar xalqı dövlətçiliyin, müstəqilliyin uğrunda birləşdirməyə nail oldu. Bu baxımdan, Ərdoğan da tarixi siyasi təcrübənin fonunda Türkiyədə baş verən hadisələrin müsbət sonluğa istiqamət almasını təmin etmiş oldu".Müsahibimiz daha bir əhəmiyyətli məqama toxunaraq qeyd edib ki, çevriliş cəhdində iştirak edənlər daha bir mühüm amili nəzərə almayıblar – türk millətinin milli xarakterik xüsusiyyəti və psixologiyasını. Sitat: "Biz bu hadisələrdə türk millətinin heç bir xalqlarda, millətlərdə olmayan bənzərsiz xüsusiyyətini gördük. Diqqət yetirin, prezident Rəcəb Tayyib Ərdoğanın bir çağırışı ilə xalq küçələrə axışdı və əliyalın şəkildə zirehli texnikanın, silahların üzərinə yürüdü. Məhz bu amil qeyd etdiyim faktorların məntiqi nəticəsi oldu. Millət yumruq şəklində birləşərək öz canı, qanı bahasına hərbi xunta cəhdinə qarşı barışmaz mövqe sərgilədi."Siyasi ekspert sonda daha bir amilə də toxunaraq qeyd etdi ki, hadisələr fonunda bütünlüklə Türkiyə Silahlı Qüvvələrini ittiham etmək, adi əsgərləri xəyanətkar adlandırmaq da doğru olmazdı: "Təəssüf ki, biz həmin müddətin ilk saatlarında silahlı hərbi çevrilişdə iştirak etdiklərini anlamayan və bunu öyrəndikdən sonra silahlarını yerə buraxaraq dərhal xalqa təslim olan, xalqın yanına gedən türk mehmetciyinin linç edilməsi hallarının şahidi də olduq. Əlbəttə ki, bu, doğru olmayan bir addımdır və xəyanətkar hərbçilər hüquqi müstəvidə cavab verməlidilər. Heç nəyi anlamayan, yalnız əmri yerinə yetirməyə çalışan və mahiyyətin anladıqda silahı yerə atan sıravi əsgərlərin küçələrdə təhqir edilərək öldürülməsi yolverilməzdir. Əgər nəzərə alsaq ki, günahsiz əsgərlərin valideynləri və qohumları da dövlətçlik uğrunda ayağa qalxan 78 milyondan biridir, onda bu tendesiya gələcəkdə böyük fəsadlar yarada bilər. Ona da inanırıq ki, günahkarlar layiqli cəzalarını alacaqlar və sarsılmaz, müdrik, böyük türk milləti bir daha belə acıları yaşamayacaq və inkişafın nəvbəti mərhələlərini uğurla adlayaraq, dünyaya öz sözünü deməyə davam edəcək".

sia.az

Digər xəbərlər