"Azərbaycanlıların rəhbərliyi altında ermənilərin yaşaya bilməməsi ilə bağlı uydurmalar Ermənistanın dünyanı işğal faktoru ilə barışdırmaq üçün uydurduğu bəhanədən başqa bir şey deyil. Ölkəmizdə bu gün də ermənilər və digər xalqlar azərbaycanlıların rəhbərliyi altında yaşayırlar və onların təhlükəsizliyi tamamilə təmin olunub. Onların hüquq və azadlıqları Azərbaycan dövləti tərəfindən qorunur və təminat verilir". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.O qeyd edib ki, əgər kimsə Azərbaycan dövlətinə qarşı silah qaldırarsa, onunla Azərbaycan vətəndaşı kimi deyil, cinayət törədən şəxs kimi davranılacaq: "Ermənilər də silahı yerə qoyub, Azərbaycan konstitusiyasının prinsiplərinə əməl edəcəklərsə, şübhəsiz ki, onlar da bu ölkənin vətəndaşı kimi yaşayacaqlar, hüquq və azadlıqlarına təminat veriləcək".Siyasi şərhçi bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyanın və bu ölkənin digər rəsmilərinin işğal altında olan Azərbaycan ərazilərinə tez-tez səfər etməsi bir neçə məqsəd daşıyır: "Onların səfərinin məqsədi aprel hadisələrində məğlubiyyətə uğramış Ermənistan hərbi birləşmələrini ruhlandırmaq və məğlubiyyətin yaratdığı gərginliyi, xofu aradan qaldırmaqdır. Ermənistan rəhbərliyi, həmçinin ölkə cəmiyyətinin diqqətini Dağlıq Qarabağa yönəltmək istəyir. Çünki Dağlıq Qarabağ faktoru Sarkisyan rejiminin özünü qoruma instiktini əvəz edir. Uzun illərdir ki, Sarkisyan və onun yaxınları bu amil üzərində öz mövqelərini qoruyub saxlamağa çalışırlar. Dağlıq Qarabağ Ermənistan hakimiyyətinin kürsüsünü qorumaq üçün bir vasitədir. Bu vasitə isə Azərbaycan tərəfindən istənilən an onların əlindən alına bilər. Dünyada artıq heç kim ermənilərin uydurma bəhanələrinə inanmır. Azərbaycana müxtəlif ölkələrdən səfər edənlər burada multikultural dəyərlərin necə qorunduğunun şahidi olurlar. Azərbaycan multikulturalizmi dünyanın bir çox ölkələrində tədris olunur. Ölkəmizdə birgəyaşayışın bütün prinsipləri təmin olunub. Ermənilərin bəhanələri öz effektini itirib".
sia.az