"Türkiyədə baş verən proseslərin mərkəzində "İncirlik" hərbi bazası dayanır ki, onlara da yalnız ABŞ-ın əli çatır". Bu fikirləri SİA-ya politoloq Mübariz Əhmədoğlu qardaş ölkədəki dövlət çevrilişi cəhdinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Türkiyə prezidentinin Rusiyaya göndərdiyi məktubdan bir müddət sonra qonşu ölkə rəsmiləri məlumat yaydılar ki, Rusiya hərbçiləri Suriyada terrorizmə qarşı mübarizədə "İncirlik" hərbi bazasından istifadə edə bilər: "Türkiyə ilə Rusiya münasibətlərinin yaxşılaşması onsuz da ABŞ-ın xoşuna gəlmirdi. Türkiyə rəsmilərinin rusları "İncirlik"ə buraxması görünür həm ABŞ-I, həm də orada olan hərbçiləri çox qıcıqlandırıb və onlar qısa müddət ərzində plan hazırlayaraq həyata keçirmək istəyiblər. ABŞ-ın Rusiya -Türkiyə münasibətlərinin yaxşılaşmasına dair qısqanclığı, məlum hadisələr zamanı Türkiyə prezidentinə dəstək bəyanatının gecikməsi göz qabağındadır. Bu baxımdan hesab edirəm ki, ABŞ bu yolla Ərdoğana təzyiq mexanizmlərini işə salmaq istəyir".Növbəti cəhdin olması ilə bağlı fikirlərini bildirən M. Əhmədoğlu bunun istisna olmadığını qeyd edib: "Türkiyədə vəziyyət hələ də stabilləşməyib. Türkiyə prezidenti eləcə də digər rəsmilər insanların meydanlardan çəkilməmələrini istəyirlər. Bu baxımdan düşünürəm ki, bu cür vəziyyət hələ bir müddət davam edəcək".
sia.az