PDF Oxu

Siyasət

  • 16

"Elmi təbliğ edək!" devizi altında Yay Məktəbi keçirilib

"Elmi təbliğ edək!" devizi altında Yay Məktəbi keçirilib

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında "Science Activity-2016" adlı Yay Məktəbi təşkil olunub. Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün "Elmi təbliğ edək!" devizi altında keçirilən Yay Məktəbinin təşkilatçısı AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsidir.

Respublikanın tanınmış media nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə İƏEPİ-nin rəisi Zülfüqar Fərzəliyev açaraq Azərbaycan mətbuatının şərəfli tarixindən, bu sahəyə göstərilən davamlı dövlət qayğısından danışıb: "Azərbaycan jurnalistikası müasir səviyyəsinə gəlib çatana kimi keşməkeşli yollardan, çətin sınaqlardan keçmişdir. Son dövrlərdə akademiyada həyata keçirilən islahatlar bu qurumun sosial-iqtisadi inkişafına, mühüm elmi nailiyyətlərin əldə edilməsinə zəmin yaratmışdır".

AMEA-nın ölkə mətbuatının fəaliyyətinə yüksək qiymət verdiyini deyən Z.Fərzəliyev media ilə geniş əməkdaşlıq əlaqələrinin və faydalı işgüzar münasibətlərin əsasının qoyulduğunu diqqətə çatdırıb.

Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası haqqında tədbir iştirakçılarına məlumat verib. N.Cəlilov media nümayəndələri, AMEA və alimlər arasındakı münasibətlərin əhəmiyyətini vurğularaq qeyd edib ki, akademiyanın gələcək fəaliyyətinin daha səmərəli təşkili və sürətli inkişafa nail olmaq üçün kadr hazırlığı sahəsinə xüsusi diqqət göstərilməlidir.

İƏEPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbuhi Qəhrəmanov çıxış edərək Yay Məktəbi layihəsinin əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, layihənin təşkilində məqsəd AMEA-da elmin kütləvi təbliği istiqamətində səmərəliliyin artırılması, eyni zamanda akademiya ilə jurnalistlər arasında əməkdaşlığın möhkəmləndirilməsidir. Şöbə rəisi akademiyada elmin populyarlaşdırılması siyasətinin icrası istiqamətində İƏEPİ-nin tərkibinə daxil olan şöbələrin fəaliyyəti haqqında təqdimat nümayiş etdirib.

Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Sonra Yay Məktəbi çərçivəsində AzTV-nin İctimai-siyasi və xarici xəbərlər studiyasının direktoru, Bakı Slavyan Universitetinin dosenti Rövşən Məmmədov iştirakçılara jurnalistikanın nəzəri və praktiki məsələlərinə dair aktual mövzular üzrə təlim keçib. Təlim çərçivəsində Yay Məktəbinin iştirakçıları rəsədxanadakı elmi mərkəzlə də tanış olublar.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər