PDF Oxu

Siyasət

  • 21

Sarkisyana qarşı qiyam

Sarkisyana qarşı qiyam

Sergey Markov: "Sarksiyanı postundan salmaq niyyətində olan təşkilatlanmış qruplar var"

Apreldəki 4 günlük müharibədə hərbi uğursuzluqdan sonra Ermənistanda daxili ictimai-siyasi vəziyyət artan xətlə gərginləşməkdə davam edir. Bu da təbiidir, proseslərin bu yöndə inkişaf edəcəyi barədə müstəqil ekspertlər proqnoz vermişdilər.

Belə ki, iyulun 16-sı gecədən başlayaraq Ermənistanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını ələ keçirib və hakimiyyətin istefasını tələb edir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, xəsarət alanlar da var. Müxalif qruplaşmanın bəyanatında deyilir ki, cinayətkar qrupun təşkilində təqsirləndirilərək iyunun 20-də həbs olunan müxalifət nümayəndəsi Jirayr Sefilyanın tərəfdarları "Ermənistanda vəziyyəti dəyişmək niyyətində" olduqlarını elan edirlər.

Qeyd olunur: "Biz artıq Yerevanda polisin əsas bazalarından birini ələ keçirmişik və paytaxtın cənubundakı Erebuni məhəlləsinə nəzarət edirik".

Erməni mətbuatının yazdığına görə, işğalçı ölkədə artıq gərgin vəziyyət getdikcə pik nöqtəyə qalxıb. Politoloqlar baş verənlərin səbəbini Serj Sarkisyanın yarıtmaz siyasətində gördüklərini bildirirlər.

Məsələ ilə bağlı palitoloq Cümşüd Nuriyev bildirib ki, nə qədər ki, Sarkisyan yarıtmaz siyasət yeridir, Ermənistan bundan da pis vəziyyətdə olacaq: "Bu hadisədə əsas məqsəd dövlət çevrilişinə cəhd adı ilə tutulan Jirayr Səfilyanın azad olması ilə bağlıdır. O, Qarabağ döyüşlərində fəal iştirak edən silahlı dəstə başçısıdır. Son hadisələr göstərir ki, Ermənistanda bu proses davam edə bilər. Ümumiyyətlə, silahlıların hakimiyyətə gəlməsi üçün basqın və terrordan istifadə etmək ermənilərə xas olan məsələdir. Lakin bu hadisələrin coğrafiyası genişlənə bilər. Əgər belə olarsa, o zaman Ermənistanda hakimiyyət dəyişikliyi baş verə bilər".

C.Nuriyev, eyni zamanda işğalçı ölkədə baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə gəlincə, bildirib ki, Ermənistandakı məlum hadisələr problemin həllinə müsbət təsir edə bilər: "Azərbaycanın Dağlıq Qarabağla bağlı xarici siyasəti artıq dəyişməz müstəviyə keçib. Ölkə Prezidentinin münaqişənin həlli istiqamətində aparıdığı xarici siyasətdə siyasi iradə ortaya qoyması və dönməzliyi problemin müsbət həllinə istiqamətlənib. Ölkə başçısı bildirib ki, Azərbaycaın ərazi bütövlüyü çərçivəsində istənilən məsələ müzakirə edilə bilər. Artıq ABŞ-ın dövlət katibi Con Kerri, eləcə də Rusiyanın XİN başçısı Sergey Lavrov da Bakıya səfərindən sonra bu kimi ciddi bəyanatlar verdi. Ermənistanda baş verən istənilən qarşıdurma da Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək. Çünki bu, Ermənistan və Dağlıq Qarabağ klanının bir araya gəlməsinin qarşısını alır. Bu baxımdan, düşmən ölkədə baş verənləri müsbət qiymətləndirmək lazımdı. Hazırkı prosesləri münaqişənin tezliklə Azərbaycanın ərazi bütvlüyü çərçivəsində həll edilməsinə xidmət edən siyasi addım hesab etmək olar ".

"Yerevanda baş verən hadisələr Serj Sarksiyanın prezident postundan mümkün uzaqlaşdırılması qorxusunu əhəmiyyətli dərəcədə artıracaq"

Rusiyalı politoloq Sergey Markov müxalif qüvvənin Yerevanda polis məntəqəsini ələ keçirməsini şərh edərkən deyib ki, olaylar Serj Sarksiyanın prezident postundan mümkün uzaqlaşdırılması ilə qorxusunu əhəmiyyətli dərəcədə artıracaq: "Baş verənlər iki şeydən xəbər verir. Birincisi, Ermənistanın hazırkı prezidenti Serj Sarksiyanla bağlı geniş narazılıq, o cümlədən onu prezident postundan salmaq niyyətində olan təşkilatlanmış qruplar var.

İkincisi, Ermənistan siyasətində zorakılıq səviyyəsi çox yüksəkdir. Əvvəllər də buna bənzər faktlar olub. Ermənistanın maliyyə naziri Levon Barxudaryanın tribunada çıxışı zamanı terrorçuların içəri daxil olub Ermənistan parlamentini, oraya toplaşan deputatları atəşə tutmasını xatırlatmaq kifayətdir. Başqa sözlə, Ermənistanda siyasi sferada zorakılıq səviyyəsi çox yüksəkdir".

Göründüyü kimi, Ermənistanda Sarkisyan rejiminə qarşı mübarizədə artıq ilk qanlar tökülüb, ölənlər var, kütləvi həbslər başlayıb. Bütün bunlar isə, heç şübhəsiz, bataqlıq effekti üzrə öz xalqından çoxdan ayrı düşmüş hakim qüvvənin süqutunu daha da tezləşdirəcək. Daha dəqiq desək, müharibə faktoru üzərində Ermənistanda hakimiyyəti ələ keçirmiş "Qarabağ klanı", onun odioz üzvü, prezident Serj Sarkisyan günün birində elə bu amilə görə hakimiyyətdən gedə biləcəyini artıq hiss etməyə başlayıb. Məhz bəlkə də bu səbəbdən, öz hakimiyyətinə artıq daxildən real təhlükə hiss edən Serj Sarkisyan, gözləndildiyi kimi, aprel rüsvayçılığından sonra ölkədə özünə qarşı təhlükə kəsb edən bütün ünvanları susdurmağa, yeni həbslərə və orduda kadr dəyişikliklərinə start verdi. Hakimiyyət hərisliyi onu, hətta dünənədək qatı siyasi rəqib saydığı keçmiş prezident Levon Ter-Petrosyanın ayağına apardı.

Lakin Ermənistanın rəsmi dairələrindən verilən bəyanatların əksinə olaraq, qiyamçıların əsas tələbinin prezident Serj Sarkisyanın istefası olduğu deyilir. Bunu hadisə haqqında ilk məlumat yayan "Müəssisələr Parlamenti"nin vitse-prezidenti Varujan Avetisyan keçirdiyi xüsusi mətbuat konfransında bəyan edib. O, "silahlı üsyanın başlandığını", bir sıra polis məntəqələrinin ələ keçirildiyini də söyləyib. Sayı 25-ə yaxın olduğu deyilən silahlılar Serj Sarkisyanın istefasını tələb ediblər.

Beləliklə, Ermənistanda baş verən son olaylar və bəyanatlar erməni cəmiyyətində Sarkisyan hakimiyyətindən narazılığı artırmağa imkan verir. Ermənistan parlamentinin deputatı Nikol Paşinyan silahlıların ələ keçirdiyi binadan buraxılıb. Onun sözlərinə görə, qiyamçılar Ermənistan prezidenti Serj Sarkisyanın istefasını və əhalinin etibar etdiyi hökumətin formalaşmasını tələb edirlər.

A.SƏMƏDOVA

Digər xəbərlər