Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "UNEC Biznes Məktəbi"ndə Executive MBA (EMBA) proqramı fəaliyyətə başlayacaq.
Dünya standartları səviyyəsində təşkil olunacaq EMBA-da əmək bazarının tələblərinə cavab verən biznes təhsili həyata keçiriləcək. Artıq "UNEC Biznes Məktəbi"nin mütəxəsisləri tərəfindən tədris proqramı hazırlanıb. Proqram hazırlanarkən nüfuzlu xarici universitetlərin bu sahədə təcrübəsi əsas götürülüb. EMBA-ya tələbə qəbulu məhdud sayda nəzərdə tutulub. Burada təhsilverənlər dünyanın tanınmış ali məktəblərindən cəlb edilmiş müəllimlərdən ibarət olacaq. Proqram üzrə keyfiyyətli tədrisi təşkil etmək məqsədilə UNEC-də müasir standartlar səviyyəsində dərs auditoriyası yaradılacaq.
Proqramın əsas məqsədi magistrların liderlik potensialını reallaşdırmağa kömək etməkdir. EMBA təhsil müddətində ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yüksəldilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasına, müasir biznes informasiyasının araşdırılmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinın inkişafına, biznes biliyi və etikası, təqdimat qabiliyyəti, vaxtın idarə edilməsi və sahibkarlıq məntiqinin formalaşdırılmasına şərait yaradacaq. Eyni zamanda, magistrların əldə etdikləri bilik və bacarıqlar onlara peşəkar əlaqələr yaratmaqda və karyera yüksəlişinə nail olmağa geniş imkanlar açacaq.
EMBA proqramı üzrə təhsil 2 il ərzində 6 modul olmaqla Avropa Kredit Transfer Sisteminə uyğun olaraq 76 kredit, ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə, 38 kreditlə tamamlanır. Hər modul 3 aydan bir 10 günlük müddətdə tədris ediləcək. "UNEC Biznes Məktəb"in Executive MBA proqramında tədris ingilis dilində aparılacaq.
2016-2017-cı tədris ilindən etibarən MBA Proqramında 5 yeni ixtisaslaşma üzrə də magistr hazırlığı aparılacaq. Onlar bank və sığortanın idarə edilməsi, səhiyyənin idarə edilməsi, idmanın idarə edilməsi, mühəndislik və idarəetmənin riskləri, turizm və otelçiliyin idarə edilməsi ixtisaslarıdır.
NƏZAKƏT