PDF Oxu

Siyasət

  • 21

Nəsimi rayonunda milli mətbuatın 141 illiyi qeyd olundu

Nəsimi rayonunda milli mətbuatın 141 illiyi qeyd olundu

Hər zaman kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələr yaradan Nəsimi rayon icra hakimiyyəti milli mətbuatın 141 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının, televiziya, qəzet, elektron informasiya vasitələri təmsilçilərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Görüşdə Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, 141 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu söyləyib. A.Əsgərov milli mətbuatımızın mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirdiyini vurğulayıb: "Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb".

Rayon rəhbərinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın milli mətbuat tarixində yeni və parlaq səhifə açılıb: "Bu dövrdə söz və mətbuat azadlığını məhdudlaşdıran maneələrin aradan qaldırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Ulu Öndərin Fərmanı ilə senzuranın ləğv edilməsi isə ölkəmizin demokratikləşməsi və vətəndaş cəmiyyətinin təşəkkül tapmasında mühüm əhəmiyyət kəsb edib. O, qeyd etdi ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir".

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatın 141 illiyi ilə əlaqədar dövlətimizin başçısının Sərəncamına uyğun olaraq respublikanın bölgələrində keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində gördüyü işlər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev mətbuat işçilərinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə onlara yeni mənzillər verib. O, göstərilən diqqət və qayğıya görə Prezidentə mətbuat işçiləri adından minnətdarlığını bildirib.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində qazanılan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.

Daha sonra "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək qeyd edib ki, hazırda Azərbaycanda dövlət və mətbuat arasında sağlam münasibət var:"Bu sağlam münasibətin kökündə dövlət qayğısı dayanır ki, bunun da əsası Ulu Öndər tərəfindən qoyulub. Mətbuatın bayramı bütün Azərbaycanın bayramıdır. Çünki elə bir ailə yoxdur ki, orada televiziyaya baxılmasın, qəzet oxunmasın və internet mediadan istifadə edilməsin. Bu baxımdan, bütün media işçilərini bu gün münasibətilə təbrik edirəm".

Həmçinin, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də, öz növbəsində, ölkəmizdə mətbuata olan diqqət və qayğıdan söz açıb.

Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılıb və milli mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon icra hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər