Fəzail İbrahimli: "Türk dövlətini qeyri-demokratik yolla sarsıtmaq istəyən hər kəs öz payını aldı"
Məlum olduğu kimi, Türkiyədə hərbiçilər dövlət çevrilişinə cəhd göstərdilər. Dövlət çevrilişinə cəhd zamanı 290 nəfər ölüb, 1400 nəfər yaralanıb. Hadisə nəticəsində 190 nəfər mülki şəxs və təhlükəsizlik qüvvələrinin əməkdaşı, 100 nəfər qiyamçı həlak olub. Bundan əvvəl, 161 nəfərin öldüyü, 1440 nəfər isə yaralandığı bildirilirdi. Bütün cəhdlərə baxmayarq türk xalqı demokratik yolla seçdiyi hakimiyyəti müdafiə etdi. Beləliklə də, xalq-hakimiyyət birliyi qarşısında hərbi qiyam iflasa uğradı. Sual olunur, bəs nə baş verdi, niyə hərbçilər hakimiyyətdən üz döndərdilər? Millət vəkili Fəzail İbrahimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, burada bütün hərbiçilərdən söhbət gedə bilməz: "Hərbiçilərin müəyyən qisminin arxasında duran siyasi qüvvələrdir. Təbii ki, bunların da hansısa bir maliyyə dəstəyi olub. Demək olar ki, bunların beynini və ruhunu əlindən alan səbəblər müxtəlifdir. Hərbi qüvvələr dövləti müdafiə etməlidir. Belə bir misal var ki, hər yalnışda bir naxış var. Türkiyənin də hərbi və siyasi dairələrində belə bir problem hər zaman mövcud olub. 1960 və 1980-ci illərdə də, hərbiçilər dövlət çevrilişinə cəhd ediblər. Bu, Türkiyəni dünya ictimaiyyətinin gözündən salır. Amma türk xalqı özünə qayıtdı. Bütün dünyaya sübut etdi ki, artıq bu siyasi və hərbi əxlaqa son qoyuldu. Bu, bir qrup generalların və vəzifəli şəxslərin istəyinin ifadəsidir. Ordu da öz tabeliyində olan əsgərləri bu işə sövq edib. Ola bilsin ki, bu bir qrup prosesin nədən ibarət olduğunu dərk etməyib, ikinci qrup bu proseslə razılaşıb, üçüncüsü isə əmri yerinə yetirmək müstəvisində hərəkət edib. Bir sözlə, Türkiyə sirkələnərək təmizləndi və bir daha özünə qayıtdı. Dünya ictimaiyyətinə sübut etdi ki, türk xalqı demokratiyanı sevir və demokratik bir ab-hava yaşayır. Türk dünyası üçün demokratizm vacibdir və türk dövlətini qeyri-demokratik yolla sarsıtmaq istəyən hər kəs öz payını aldı".
"Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, çevrilişə cəhd planlarının arxasında ABŞ-da gizlənən Fətullah Gülən dayanır. Bu, dolayısı ilə ABŞ hakimiyyətinin günahlandırılması kimi başa düşülə bilərmi" sualına cavab olaraq millət vəkili bildirdi ki, ABŞ Fətullah Güləni öz ağuşuna alıb və Türkiyənin dövlət rəhbəri səviyyəsində belə bir çağırış olundu, hər kəs də bundan xəbərdardır: "Bu da bir mesajdır. Əgər sən bu çevrilişi törədənin arxasında durmamısansa, onda onu bizə təhvil ver. Bir sözlə, zaman hər bir məsələni üzə çıxaracaq".
GÜLYANƏ