PDF Oxu

Siyasət

  • 23

İlham Əliyev: “Düşünülmüş siyasət idmanı Azərbaycan cəmiyyətində önəmli amilə çevirib”

İlham Əliyev: “Düşünülmüş siyasət idmanı Azərbaycan cəmiyyətində önəmli amilə çevirib”

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Prezident İlham Əliyev avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində başlayacaq XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğuladı. Yay Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançı ilə təmsil olunacağını deyən dövlətimizin başçısı budəfəki Oyunlara 57 lisenziyanın qazanıldığını diqqətə çatdırdı. Ötən dövrdə idmançılarımızın beynəlxalq yarışlarda yüksək səviyyədə iştirak etdiyini, Olimpiya Oyunlarında uğurlu nəticələr qazandığını deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan idman dövlətidir və ölkəmizdə idmanın inkişafı ilə bağlı məqsədyönlü siyasət aparılır.

"Düşünülmüş siyasət idmanı Azərbaycan cəmiyyətində önəmli amilə çevirib", - deyən dövlətimizin başçısı cəmiyyətimizdə idmançıların layiqli yer tutduğunu və idmanla məşğul olmaq istəyənlərin sayının getdikcə artdığını vurğuladı. Bildirdi ki, bunun əsas səbəbi idmançılarımızın uğurları və onlara göstərilən dövlət qayğısıdır.

İdmançıların mənzil-məişət problemlərinin həll olunduğunu, bütün ölkədə mükəmməl idman infrastrukturunun yaradıldığını diqqətə çatdıran Prezident İlham Əliyev son bir neçə ildə Bakıda gözəl memarlıq əsərləri olan möhtəşəm idman obyektlərinin istifadəyə verildiyini bildirdi. İdmanın kütləviliyinin təmin olunmasının əsas şərt olduğunu vurğulayan dövlətimizin başçısı dedi ki, bizə sağlam gələcək, sağlam millət lazımdır:

"İdman infrastrukturunun xüsusilə regionlarda yaradılması imkan verir ki, bölgələrdə yaşayan uşaqlar, gənclər idmanla məşğul olsunlar. Mən bütün regional Olimpiya mərkəzlərinin açılışlarında şəxsən iştirak etmişəm və demişəm, əsas vəzifə ondan ibarətdir ki, biz idmanın kütləviliyini təmin edək.

Əlbəttə, bizə qələbələr, çempionlar lazımdır və bu, bizdə var. Amma, eyni zamanda, bizə sağlam gənclər, sağlam millət lazımdır. İdmanla məşğul olan uşaq, yeniyetmə fiziki cəhətdən sağlam olur. Eyni zamanda, yüksək mənəvi keyfiyyətlərə də malik olur.

Bizim qabaqcıl, görkəmli idmançılarımız bütün idmançılar üçün nümunədir. Çünki onlar həm idmanda böyük uğurlar qazanıblar, həm də onların hamısı vətənpərvər insanlardır. Eyni zamanda, bizim çempionlarımız cəmiyyətdə də özlərini çox ləyaqətlə aparırlar. Bu, bir yeni davranış nümunəsidir. Uşaqlar, yeniyetmələr, idmanla məşğul olmaq istəyənlər də, bax, sizə - burada əyləşən idmançılara oxşamalıdırlar. Onlar görürlər ki, əgər sən idmanda böyük uğur əldə etmisənsə, cəmiyyətdə özünü ləyaqətlə aparırsansa öz həyatını ləyaqətlə qura bilərsən. Ona görə, son illər ərzində idman bölmələrinə müşahidə olunan kütləvi axın bu səbəblərdən qaynaqlanır. Bu, məni çox sevindirir. Çünki bizim gənclər idmanla nə qədər çox məşğul olsalar, onlar üçün də, dövlət üçün də bir o qədər yaxşı olacaq. İdmanla məşğul olanlar vətənpərvər insanlardır. İdman qələbələri hər bir vətənpərvər Azərbaycan vətəndaşını sevindirir. Hər dəfə biz beynəlxalq yarışlarda görəndə ki, bizim bayrağımız qaldırılır, ürəyimiz fərəhlə dolur. Bu sevinc anlarını bizə idmançılar yaşadır. Əminəm ki, gələcək yarışlarda idmançılar yenə də qələbə qazanacaqlar, Azərbaycan xalqını sevindirəcəklər.

Ölkəmizdə bir qayda olaraq beynəlxalq idman yarışları keçirilir. Biz bunu artıq neçə ildir müşahidə edirik. İldən-ilə bu yarışların sayı da artır və səviyyəsi də yüksəlir. Bu gün dünya, Avropa çempionatlarının Azərbaycanda keçirilməsi adi hala çevrilib. Əgər əvvəlki illərdə, xüsusilə 2000-ci illərin əvvəllərində hansısa gənclər və yaxud da yeniyetmələr arasında Avropa və ya dünya çempionatı keçirilirdisə və biz bundan fərəhlənirdiksə, bu gün dünya çempionatları, Avropa çempionatları, Olimpiya Oyunlarına təsnifat turnirləri, müxtəlif digər beynəlxalq yarışlar Azərbaycanda demək olar ki, ildə bir neçə dəfə keçirilir. Bu, beynəlxalq idman aləmi tərəfindən bizə göstərilən böyük hörmətdir.

Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi Azərbaycanda idman sahəsində görülən işlərə çox yüksək qiymət verir. Bir məsələni də vurğulayırlar və siz də bunu yaxşı bilirsiniz ki, Azərbaycanda idmanla bağlı dövlət siyasəti aparılır. İdmana cavabdehlik daşıyan bütün qurumlar bir komanda kimi fəaliyyət göstərir və bizim uğurlarımızın təməlində məhz bu birlikdir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar bir məqsədi güdür ki, Azərbaycanda idman inkişaf etsin, Azərbaycan idmançıları beynəlxalq yarışlarda həmişə yüksək pillələrdə olsunlar.

Bu gün mən deyəndə ki, Azərbaycan idman dövlətidir, bax, bunu bu səbəblərə görə deyirəm. Birincisi, bizdə ən müasir idman infrastrukturu yaradılıb və bu infrastruktur imkan verir ki, biz bütün ən yüksək səviyyəli oyunları keçirək. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bunun əyani sübutudur. İkincisi, Azərbaycan idmançıları müxtəlif yarışlarda, Olimpiya Oyunlarında, dünya çempionatlarında, Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında həmişə yüksək pillələrdədir. İdmanın inkişafı və kütləviliyi ilə bağlı da çox düşünülmüş, ardıcıl siyasət aparılır və bu siyasət özünü artıq dəfələrlə göstərmişdir. Ona görə, əminəm ki, gələcək illərdə də beynəlxalq idman qurumları Azərbaycana həmişə böyük hörmətlə yanaşacaqlar. Biz də çalışacağıq ki, Azərbaycan idman dövləti kimi gələcəkdə də özünü göstərsin və öz imkanlarını ortaya qoysun.

Mən qeyd etdim ki, Bakıda artıq bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Onların arasında, əlbəttə ki, Avropa Oyunları xüsusi yer tutur. Çünki bu, tarixdə ilk dəfə keçirilən Oyunlar idi.

Başqa qitələrdən fərqli olaraq, nədənsə Avropada qitə oyunları heç vaxt keçirilməmişdir və Avropa Olimpiya Komitəsi həmin təşəbbüsü irəli sürəndə bu, heç də bütün Olimpiya komitələri tərəfindən birmənalı qarşılanmamışdır. Bildiyiniz kimi, bu Oyunların keçirilməsi üçün o qədər böyük maraq da müşahidə edilmirdi. Çünki birincisi, bu, yeni bir təşəbbüs idi. İkincisi, bu Oyunların keçirilməsi üçün görüləcək işlər haqqında heç kimdə təsəvvür yox idi. Azərbaycan burada da liderlik keyfiyyətlərini ortaya qoydu. Biz dedik ki, buna hazırıq və hazır ola bilərik. Baxmayaraq ki, Oyunların hazırlanmasına cəmi iki il vaxtımız var idi. Olimpiya Oyunlarının hazırlanmasına 7-8 il vaxt verilir. Bu dəfə isə cəmi iki il ərzində biz bu Oyunları keçirməli idik. Ancaq biz əmin idik ki, bu şərəfli işin öhdəsindən gələcəyik. Çünki Azərbaycan güclü dövlətdir. Artıq o vaxt da bizim güclü idman infrastrukturumuz var idi və təşkilatçılıq qabiliyyətimiz yüksək səviyyədə idi. Ona görə, biz öz namizədliyimizi irəli sürdük və böyük səs çoxluğu ilə Azərbaycan bu şərəfli missiyanı öz üzərinə götürdü. Hamımız yaxşı xatırlayırıq, bu Oyunlar bir il bundan əvvəl keçirilmişdir. Bu Oyunlar doğrudan da Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Bu Oyunlarda 6 min idmançı iştirak etmişdir, minlərlə qonaq Azərbaycanla tanış olmuşdur. Bu Oyunlar Avropada və digər qitələrdə televiziya vasitəsilə göstərilmişdir. Bütün dünya bir daha gördü ki, Azərbaycan inkişaf etmiş, müasir, gözəl ölkədir. Gördülər ki, bu gözəl ölkənin çox güclü idmançıları var. Avropa Oyunları bizim tarixi nailiyyətimizdir, tarixi qələbəmizdir. Bu, Azərbaycan idmanının və Azərbaycan dövlətinin zəfəridir. Çünki biz bu Oyunları qısa müddət ərzində ən yüksək səviyyədə keçirdik. Bu Oyunları Azərbaycanda çoxsaylı qonaqlar, Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinin əksəriyyəti izləmişdir."

Son illərdə Azərbaycanda beynəlxalq idman yarışlarının davamlı olaraq keçirildiyini, artıq dünya və Avropa çempionatlarının Bakıda təşkilinin adi hala çevrildiyini qeyd edən Prezident İlham Əliyev bütün bunları beynəlxalq idman aləmi tərəfindən Azərbaycana göstərilən diqqətin təzahürü kimi xarakterizə etdi. Prezident İlham Əliyev ötən il tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Yay Olimpiya Oyunları səviyyəsində keçirilən birinci Avropa Oyunlarının idmançılara və qonaqlara ölkəmizlə yaxından tanış olmaq imkanı verdiyini dedi. "Dünya gördü ki, Azərbaycan inkişaf etmiş, müasir ölkədir və bu ölkənin güclü idmançıları var", - deyən dövlətimizin başçısı vurğuladı ki, birinci Avropa Oyunları bizim tarixi qələbəmiz və nailiyyətimizdir. Bu, Azərbaycan dövlətinin zəfəridir.

Azərbaycan Prezidenti ötən ay Bakıda keçirilən və beynəlxalq reytinqdə mühüm yer tutan, tamaşaçı auditoriyası 500 milyon olan Formula-1 Avropa Qran-prisinin respublikamızın və Bakının təbliği baxımından mühüm tədbir olduğunu bildirdi, yarışın ölkəmizin turizm potensialının inkişafında xüsusi rol oynayacağını diqqətə çatdırdı. Prezident İlham Əliyev dedi ki, bu il Bakıda Dünya Şahmat Olimpiadası, gələn il isə IV İslam Həmrəylik Oyunları keçiriləcək. Bu da bir daha ölkəmizin özünəməxsus xüsusiyyətlərini əks etdirir. Bu, həm də onu göstərir ki, dünya miqyasında ölkəmizin nüfuzu getdikcə artır. Cəmi 25 illik müstəqilliyi dövründə Azərbaycan böyük yol keçib və inkişaf edən ölkəyə çevrilib. "Ancaq güclü dövlətlərdə güclü idman olur və Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür", - deyən Prezident İlham Əliyev bütün idman yarışlarının bir sınaq olduğunu qeyd etdi. Vurğuladı ki, ən əsası bu sınaqdan üzüağ çıxmaqdır. Çünki bütün xalqımız idmançılarımızdan qələbə gözləyir.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda Olimpiya hərəkatının inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlatdı. Bildirdi ki, Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq prosesi uğurla həyata keçirilib. Rio Olimpiadasında ölkəmiz idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunacaq. Azərbaycan idmanın dörd növündə isə ilk dəfə təmsil ediləcək. Azərbaycan komandasının əsasən titullu idmançılardan ibarət olduğunu deyən Azad Rəhimov bu Olimpiya Oyunlarında üç hakimimizin də təmsil olunacağını bildirdi.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev idmançılara, ümumilikdə ölkəmizdə idmanın inkişafına verdiyi güclü dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. O, budəfəki Olimpiya Oyunlarında uğurla çıxış edəcəklərini bildirdi.

Paralimpiyaçı İlham Zəkiyev idmançılarımızın qazandığı qələbələrdə Prezident İlham Əliyevin xüsusi rolunu vurğuladı. O, birinci Avropa Oyunlarında uğurla çıxış edən atletlərimizin Rio Olimpiadasında da müvəffəqiyyət qazanacaqlarına əminliyini ifadə etdi.

Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvü Rəsul Çunayev ölkəmizi Olimpiya Oyunlarında təmsil etməkdən fərəh hissi duyduğunu dedi və bu sınaqdan üzüağ çıxmağın qarşıda duran mühüm vəzifə olduğunu bildirdi.

Sonra Rio Olimpiadasına gedən idmançılarımız Olimpiya andını içdilər. Daha sonra idmançılar Azərbaycanın dövlət bayrağını öpdülər. Prezident İlham Əliyev onlara xeyir-dua verərək uğurlar dilədi. Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyevə XXXI Yay Olimpiya Oyunlarında atletlərimizin geyinəcəyi idman forması təqdim olundu.

Bildirildi ki, bütün idmançılarımız "Zika" virusu əleyhinə dərman vasitələri və digər tibbi ləvazimatlarla təmin olunub. Sonda Prezident İlham Əliyev idmançılarla xatirə şəkli çəkdirdi.

Digər xəbərlər