PDF Oxu

Siyasət

  • 19

Dövlətin makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığı prioriteti...

Dövlətin makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığı prioriteti...

Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Maliyyə Sabitliyi Şurası ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsini və maliyyə dayanıqlılığının təmin edilməsini həyata keçirəcək

Ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində bir sıra mühüm nailiyyətlər əldə edilib. Aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub, ölkəmizin beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənib, iqtisadi inkişafın davamlılığı təmin olunub.

Bununla belə son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda təzahür edən proseslər, neft gəlirlərinin kəskin azalması və mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən iqtisadi proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və ölkədə müəyyən olunmuş iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi qarşıda duran əsas prioritet vəzifələrdir. Makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunub-saxlanılması cari, orta və uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün mövcud və potensial mənfi təsirlərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsini vacib edir.

Məhz qeyd olunan məqsədlərə nail olunması üçün əlverişli biznes və investisiya mühiti, sahibkarlara öz hüquqlarını müdafiə etmək imkanlarının yaradılması, bank sisteminin etibarlılığının artırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının sadələşdirilməsi, normativ-hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilməsinin təmin olunması məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası yaradılıb.

Şuranın əsas məqsədi ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasını reallaşdırmaqdır.

Əlbəttə ki, belə bir şuranın yaradılması bu günün sosial-iqtisadi reallığından doğan məsələdir. Qlobal böhran və gəlirlərin azalması iqtisadiyyatın zəifləməsinə səbəb olan amillərdən olduğundan Azərbaycan dövləti müxtəlif institusional islahatlarla situasiyaya nəzarət etmək və ölkənin dinamik inkişafını davam etdirmək niyyətindədir. Elə bu ilin ilk yarısında ölkə üzrə həyata keçirilən maliyyə əməliyyatları bunu bir daha sübut edir. Hətta dünyada cərəyan edən maliyyə-iqtisadi böhranın təsirlərindən irəli gələrək Azərbaycanın gəlirlərinin aşağı düşməsinə baxmayaraq, bütün ödənişlər, maliyyə əməliyyatları və sosial öhdəliklər vaxtında yerinə yetirilib.

Belə ki, 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin mədaxili 6133,8 milyon manat, xərcləri 6821,5 milyon manat olub və 687,7 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Altı ayda dövlət büdcəsinin mədaxili 7771,5 milyon manat proqnoza qarşı 6133,8 milyon manat və yaxud 21,1 faiz az icra olunub. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102 faiz icra olunmaqla dövlət büdcəsinə 3190,1 milyon manat vəsait təmin edilib. Həmin vəsaitin 77,8 faizi və ya 2481,1 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 242,7 milyon manat və ya 10,8 faiz çoxdur. Yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi proqnoza 118,2 faiz əməl edərək dövlət büdcəsinə 995,4 milyon manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz və yaxud 230,4 milyon manat çoxdur. Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertdən 1886 milyon manat (51,7 faiz) az və ya 1760 milyon manat istifadə edilib.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 127,3 milyon manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 56,9 milyon manat vəsait daxil olub. Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 2455,3 milyon manat icra olunub. Bu ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 88,8 faiz və yaxud 6821,5 milyon manat icra edilib.

İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 43,4 faizi və yaxud 2958,5 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və yaxud 211,2 milyon manat çoxdur.

Bu ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 103,1 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 532 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 19,1 milyon manat vəsait yönəldilib.

2016-cı ilin altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Bu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 4198,1 milyon manat icra olunub. Yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 9262,7 milyon manat, icmal büdcənin xərcləri isə 8226,1 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 1036,6 milyon manat təşkil edib.

"Səs" Analitik Qrupu

Digər xəbərlər