Carkisyan növbəti terror ərəfəsində
Ermənistanda xeyli vaxtdır aprelin 24-dək "dondurulmuş" daxili siyasət həyatı indi yerindən oyanmağa başlayır. Eyni zamanda, köhnə kadrlarla yeniləri arasında uzun müddətdir hökm sürən intriqalar baş qaldırır. Bu barədə Yerevanda çıxan "İrates de facto" qəzeti "Ermənistanın hakim partiyasında qiyam yetişir" başlıqlı yazıda bildirilir ki, narazılığın yeni dalğası başlanılır : "Müxalifət düşərgəsində siyasi proseslərdə mövcudluq göstərəcək kimsə qalmadı, demək olar ki, heç kim yoxdur. Hakimiyyət düşərgəsində isə hər şey yerini dəyişdi. Ermənistanı idarə edən Respublika Partiyasında insanlar bir-birini pis anlamağa başladılar. Narazılığın yeni dalğası qalxır, ancaq "qiyamçılar", hələlik susurlar." Onlara öz fikirlərini ifadə etmək və onu lazımlı yerdə xatırlatmaq üçün yalnız səbəb lazımlıdır."
Məqalədə xüsusi vurğulanır ki, ölkədə ictimai, siyasi və iqtisadi vəziyyət, indiki şəraitdə həyata keçirilən yanlış idarəetmə "daxili müxalifətə" keçmiş respublikaçıların əsas "hədəfidir": "İndi ölkədə iqtisadi vəziyyət daha da pisdir. Bunu dünyada baş verən böhranla əlaqələndirənlər yanılırlar. Kim Respublikaçılar Partiyasına şikayət edir, onları yalandan inandırırlar ki, bütün bunları anlayırlar və ölkənin ali rəhbərliyi yaxın vaxtlarda öz siyasətində dəyişikliklərə əl atacaq. Ancaq yaxın zamanlarda ölkədə vəziyyət pik nöqtəsinə qalxacaq, prezident Serj Sarkisyana qarşı intriqalar böyüyəcək, narazılığın yeni dalğası qalxacaq. Onun rəhbərlik etdiyi Respublikaçılar Partiyasına isə qurd düşüb. Təbii ki, bütün rejimlər həmişə daxildən çat verəcək".
Deyilənlər baş verdi. Nəticədə, iyulun 16-sı Yerevanda Ermənistan prezidenti Sarkisyan rejimi onun siyasətindən narazı olan müxalifətçilərin həbsinə göstəriş verdi. "SƏS" qəzeti Ermənistan mediasına istinadən xəbər verir ki, Erebuni rayonunda polis bölməsini ələ keçirən "Yeni Ermənistan" hərəkatının silahlı qrup iki gündür həbsdə olan hərəkat lideri Jirayr Sefilyanın azad olunmasını, prezident Serj Sarkisyanın isə istefasını tələb edir.
Qeyd edək ki, müxalifətçi fəallar Karo, Elmon və Simon Yexnukyan qardaşlarının barəsində həbs qəti-imkan tədbiri seçilib, 20-dən artıq vətəndaş şərlənərək həbs edilib. Onların bəzisinin yeri gizli saxlanılır. Saxlanılanların yaxınları onara işgəncə verilməsindən narahatdırlar.
Silahlılar Sarkisyana ultimatum göndərdilər
Erməni mətbuatının yazdığına görə, 400-dən çox müxalifətçinin iştirak etdiyi aksiya iştirakçıları polis bölməsini ələ keçirən silahlı qrupa dəstək şüarları səsləndirərək Sarkisyanın istefa tələbindən geri çəkilməyəcəklərini bildirirlər. Silahlı qrupun başçılarından olan Varujan Avetisyan "lragir.am" saytına müsahibəsində deyib ki, onların tələblərindən biri Jirayr Sefilyanın azad edilməsi və onunla danışıqların başlanması olub: "Mahiyyətcə, bu danışıqlar artıq başlayıb və məsələni üçüncü yolla həlli məsələsi müzakirə edilir".
Girovların hamısının azad edilib-edilməməsi məsələsinə gəldikdə isə, V.Avetisyan bildirib ki, bunun nə vaxt mümkün olacağını demək çətindir: "Mənə elə gəlir ki, çətinliklər var, buna görə də bunun bu gün olub-olmayacağını deyə bilmərəm. Ancaq biz fikirlərimizdən imtina etməmişik və Serj Sarkisyanın istefa tələbindən imtina etmirik. Sadəcə, hazırda Jirayr Sefilyan məsələni sarsıntısız həll etməyi təklif edib".
Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti bəyanat yayaraq, silahlıları təslim olmağa çağırıb, lakin vəziyyətdə hələ ki dəyişiklik baş verməyib. Hazırda 5 nəfər girov saxlanılır. Bunu Ermənistan Polis rəisinin müvini Unan Poqosyan bildirib. Onun sözlərinə görə, tərəflərin tələbləri dəyişməyib. Poqosyan, həmçinin əlavə edib ki, danışıqlarda Jirayir Sefilyan iştirak etmir. Polis rəisinin müavini bildirib ki, hüquq-mühafizə orqanlarının tələbləri girovların azad olunması, müqaviməti dayandırmaq və hakimiyyətə təslim olmaqdan ibarətdir. Girov saxlanılan şəxslərin kimlikləri barədə açıqlama verilməyib.
"Ermənistanda baş verən hadisələr bu ölkədə vəziyyətin acınacaqlı olduğunu göstərir"
Sözügedən məsələ ilə bağlı millət vəkili Rasim Musabəyov Yerevanda polis idarəsində edilən silahlı basqının prezident Serj Sarkisyan tərəfindən təşkil edilməsinin inandırıcı görünmədiyini bildirib.
Onun sözlərinə görə, Ermənistanda kifayət qədər radikal, kriminal, silahlı basqına meyilli insanlar var və onlar Dağlıq Qarabağ hadisələri zamanı yüksək postlara qalxıblar: "Jirayr Sefilyan kimdir? Bu adam kriminal alətdir. O, Livanda ASALA-nın üzvü kimi terror hadisələri törətməklə məşğul idi. Sefilyan Qarabağ hadisələri zamanı əlinə silah alaraq azərbaycanlıları qıranlardan biridir. Bu adam təbiətinə görə, terrora və öldürməyə meyillidir. Bu insanlar azadlıqda qalanda, onlarla bu cür davrananda, dövlətə çox böyük problemlər yaradırlar. Yəni belə insanlar Ermənistanda mövcuddurlar. Hakimiyyətin özü bu tip insanlardan təşkil olunub. Ona görə də Sarkisyan Jerayr Sefilyan kimi insanların fəaliyyətinə göz yumurdu. Hansısa bir mərhələdə onlar özlərini kənarda qalmış, aldadılmış hiss edərək, eyni metodlarla hazırkı hakimiyyətə qarşı çıxırlar".
Politoloq onu da vurğulayıb ki, baş verən hadisələr Sarkisyan hakimiyyətini müəyyən qədər sarsıdacaq: "Sarkisyan anlayır ki, etirazlar onun hakimiyyətini zəiflədir. Bu məqamda Azərbaycan torpaqlarını işğal altında saxlamaq daha da çətinləşir. Ona görə də Ermənistan rəhbərliyi onlara verilən təkliflərə əməl edərək, Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməyə məcbur olacaq, ya da Azərbaycan onları əzəcək. Bu halda, heç bir dövlət ermənilərin ərazi iddialarına görə Azərbaycana qarşı vuruşmayacaq. Ona görə də bu tip terrora meyilli, normal məntiqlə hərəkət etməyə qadir olmayan insanları təcrid etməyə çalışır. Sarkisyan radikalları zərərsizləşdirməklə hakimiyyətin ömrünü uzatmağa çalışır".
R.Musabəyov belə hesab edir ki, Sarkisyan ölkədə baş verən olayları Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarla manipulyasiya edə bilər: "Sarkisyan bu hadisələrdən Rusiyaya qarşı istifadə edəcək. O, iddia irəli sürəcək ki, münaqişənin həlli ilə bağlı kompromislərə hazıram, amma daxildə vəziyyət qarışıqdır. Yəni belə ünsürləri zərərsizləşdirmədən heç nə mümkün deyil. Ona görə də Sarkisyan bu hadisələrdən öz xeyrinə istifadə etməyə çalışacaq".
Beləliklə, bütün bunlar Serj Sarkisyan hakimiyyətini yaranmış vəziyyətdən xilas edə bilməyəcək. Məhv olmuş iqtisadiyyatı, cəmiyyətdə itirilmiş inamı, beynəlxalq aləmdə itirilmiş etibarı atəşkəs rejimini pozmaqla bərpa etmək mümkün deyil. Ermənistan əhalisinə boğaza dirənmiş ağır sosial durumdan qurtulmaq lazımdır. Bunun isə yolu yalnız işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması Sarkisyanın istefasından keçir.
A.SƏMƏDOVA