PDF Oxu

Siyasət

  • 38

Zamanın tələbi olan Sərəncam

Zamanın tələbi olan Sərəncam

"Referenduma təklif olunan dəyişiklikləri müasir dünyadakı çağırışlara cavab kimi qiymətləndirirəm"

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi" barədə Sərəncam imzalayıb. Sərəncam cəmiyyətdə müsbət qarşılanıb və yeni demokratik dəyişikliklərə yola aça biləcək qərar kimi dəyərləndirilib.

Millət vəkili Fazil Mustafa: "Konstitusiya islahatının ölkəmiz üçün faydalı olacağını düşünürəm"

- Bu dəyişikliklərə ilk öncə hüquqi prizmadan yanaşılmalıdır. Çünki Prezident öz səlahiyyətindən istifadə edərək, bu cür dəyişikliklərlə bağlı müraciət edib. Hesab edirəm ki, kifayət qədər dövlət idarəetməsini əhatə edən ciddi fundamental dəyişikliklər nəzərdə tutulan bir referendum layihəsi təklif olunur. Hansı təkliflər təşkil olunur? Bunu qısa cavablandırmaq bir az çətindir. Çünki hər bir maddə üzərində ciddi təhlil aparılmalıdır və sonra münasibət bildirilməlidir. Ümumiyyətlə, konstitusiya islahatının ölkəmiz üçün faydalı olacağını düşünürəm. Çünki referendum vasitəsilə müəyyən idarəetmə, insan haqları, şəxsi toxunulmazlıq və digər insanları narahat edən bir sıra dəyişikliklərə aydınlıq gətiriləcəkdir.

BMAM-nin rəhbəri Rufiz Qonaqov: "Prezident İlham Əliyevin imzaladığı konstitusiya dəyişikliyi ilə bağlı Sərəncamı çox təqdirəlayiq bir Sərəncamdır"

- Prezident İlham Əliyevin imzaladığı konstitusiya dəyişikliyi ilə bağlı Sərəncamı çox təqdirəlayiq bir Sərəncamdır. Eyni zamanda, zamanın tələbi olan bir Sərəcamdır. Məlum faktdır ki, dünyanın istənilən ölkəsində, eləcə də inkişaf etmiş, demokratiya ənənəsi olan ölkələrdə də vaxtaşırı olaraq konstitusiya islahatları və dəyişiklikləri həyata keçirilir. Artıq Azərbaycanın müstəqilliyindən kifayət qədər vaxt keçib. Bu illər ərzində Azərbaycanda prezidentlik institutu özünü doğruldub. Bu baxımdan da, əlbəttə ki, bu gün Azərbaycanda prezidentliyin 5 ildən 7 ilə qaldırılması müddətinin, eyni zamanda, vitse-prezidentlik institutunun yaradılmasına zərurət yaranıb. Bu gün Azərbaycanın formalaşmış, bilikli və savadlı gənclər ordusu mövcuddur. Gənclərin parlamentə seçilmə yaşının 25-dən 18-ə endirilməsini, o cümlədən də, prezidentliyə namizədlik yaşının 35-dən 30-a endirilməsi və eləcə də digər struktur dəyişikliklər və islahatları ilə bağlı aparılacaq hər hansı bir dəyişiklik konstitusiyada düzgündür, biz də bunu dəstəkləyirik. Artıq Azərbaycanda Prezidentli Respublika olaraq, daha da yeni bir struktur islahatları aparmaqla, dövlətin daha da güclənməsi və milli təhlükəsizliymizin daha da möhkəmlənməsi baxımından yeni, demokratik islahatların və konstitusiya dəyişikliklərin ümumixalq referenduma çıxarılması tarixi bir zərurətdir.

Politoloq Elçin Mirzəbəyli: "Konstitusiyada dəyişikliklər, bilavasitə Azərbaycanın dövlət və milli maraqlarının qorunmasından qaynaqlanıb"

- Konstitusiyada dəyişikliklər edilməsi haqqında referendum aktı layihəsi kifayət qədər genişdir. Təqdim olunan hər bir müddəanın ayrı-ayrılıqda şərh edilməsinə ehtiyac var. Bu baxımdan da, daha geniş şəkildə məsələyə münasibət bildirəcəyik. Amma indiki şəraitdə bir necə məqama xüsusi diqqət çəkmək istəyirəm. Konstitusiyada dəyişikliklər, bilavasitə Azərbaycanın dövlət və milli maraqlarının qorunmasından qaynaqlanıb. Regionda baş verən və baş verə biləcək təhlükələrdən Azərbaycanı qorumaq xarakteri daşıyır və bir sıra önləyici tədbirlər öz əksini tapıb. Dünyadakı proseslər kifayət qədər intensiv və dinamik şəkildə dəyişir. Hər bir dövlət, xüsusilə də, Azərbaycan kimi torpaqlarının 20 faizi işğal altında olan bir ölkə öz milli mənafeyini, maraqlarını və təhlükəsizliyini qorumaq məcburiyyətindədir. Bu baxımından, referenduma təklif olunan dəyişiklikləri müsair dünyadakı çağırışlara cavab kimi qiymətləndirirəm. Eyni zamanda, yaş həddinin götürülməsini də demokratik bir dəyişiklik olduğu qənaətindəyəm. Düşünürəm ki, istənilən şəxs əgər onun intellektual imkanları, potensialı imkan varsa, o, proseslərdə aktiv şəkildə iştirak edə bilər. Bu dəyişiklik, eyni zamanda, Azərbaycan gənclərinin ölkənin siyasi həyatında daha aktiv şəkildə iştirak etməsinə zəmin yaradacaq. Digər amillər - Milli Məclislə bağlı olan faktorlar, Azərbaycan silahlı qüvvələrinin istifadə hüquqi ilə bağlı olan amillərdə dövlətin milli maraqlarının qorunmasına xidmət edir. Birinci vitse-prezident və vitse-prezident postlarının təşkilidə bu baxımdan cox əsaslı və düzgündür. Qısası, birmənalı şəkildə onu demək olar ki, bu, kifayət qədər strateji bir yanaşmadan qaynaqlanan dəyişikliklərdir.

GÜLYANƏ

Digər xəbərlər