Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalayıb
Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalayıb. Təklif edilən layihədə bir neçə maddəyə dəyişiklik edilməsi nəzərdə tutulub. Təklif edilən dəyişikliklərdə prezidentliyə namizədə qoyulan tələblərdə 35 yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi öz əksini tapıb.
Həmçinin, birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, həmin şəxslərin prezident tərəfindən vəzifəyə təyin və azad edilməsi, prezident vaxtından əvvəl vəzifədən getdikdə, onu baş nazirin deyil, birinci vitse-prezidentin əvəz etməsi, birinci vitse-prezidentin prezidenti əvəz etməsi mümkün olmadıqda, onu vitse-prezidentlərin əvəz etməsi, vitse-prezidentlərin əvəz etməsi mümkün olmadıqda, baş nazirin, baş nazirin əvəz etməsi mümkün olmadıqda, Milli Məclis sədrinin əvəz etməsi nəzərdə tutulur.
Bundan əlavə, layihədə Azərbaycanda parlament seçkilərində iştirak üçün yaş həddi 18 nəzərdə tutulub.
Azərbaycanın ilk Konstitusiyası
müasir tariximizin ən mühüm
hadisəsidir
Məlum faktdır ki, Azərbaycanda Yeni Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz Ümummilli Liderimizin rəhbərliyi ilə başlanan islahatlar artıq ölkəmizdə qanunların aliliyini təmin edən, hüquqi- dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini reallaşdıran yeni milli Konstitusiyanın qəbulunu da gündəmə gətirdi. 1994-cü ilin iyul ayında Milli Məclisin iclasında Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması qərara alındı.
"Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır"- deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Beləliklə, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin konstitusiyasını qəbul etdi.
Azərbaycan Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. Bu mənada, təsadüfi deyil ki, insan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Konstitusiyanın ali məqsədi - insan və vətəndaş
hüquqlarının və azadlıqlarının
təminatı
Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklər edilməsini gündəmə gətirdi və bu məqsədlə 2009-cu il martın 18-də keçirilən referendum Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini təsdiq etdi.
Qeyd edək ki, 1995-ci ildən sonra ölkəmizdə iki konstitusiya islahatı aparılıb. İlk dəfə 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac, məhz bütün sahələrdə qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" 22 iyun 2002-ci il tarixli Fərmanına əsasən, 2002-ci il avqustun 24-də keçirilmiş referendumun nəticəsi kimi, konstitusiyaya obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edildi. 2002-ci ildə keçirilmiş Konstitusiya islahatından sonra respublikanın ictimai-siyasi həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar - sosial-iqtisadi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirdi. Bu məqsədlə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2008-ci il dekabrın 26-da hüquqi nöqteyi-nəzərdən konstitusiyanın bir sıra normalarını təkmilləşdirmək məqsədi daşıyan, əsasən, dövlətin sosialyönümlüyünün artırılmasına, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına, o cümlədən, bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı hüquqi cəhətdən əsaslandırılmamış və ictimai tələblərə cavab verməyən məhdudiyyətin aradan qaldırılmasına, ali dövlət hakimiyyəti orqanlarının, habelə məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin, qanunvericilik sisteminin təkmilləşdirilməsinə yönəlmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin ümumxalq səsverməsinə çıxarılması barədə qərar qəbul edildi.
2009-cu il martın 18-də konstitusiyaya əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan islahatları dəstəklədiyini bir daha təsdiqlədi.
"Azərbaycanda yeni strukturların
yaradılmasına
böyük ehtiyac var"
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə sözügelən məsələ ilə bağlı açıqlamasında bildirib ki, prezidentin səlahiyyətinin 7 il olması praktikası dünya təcrübəsində mövcuddur: "Uzun müddət Fransada, Türkiyədə prezidentin səlahiyyət müddəti 7 il olub. Hazırda Rusiyada 6 ildir. Yəni prinsip etibarilə prezidentin səlahiyyət müddətinin 7 il olması seçilən insanın seçicilər qarşısında irəli sürdüyü proqramın həyata keçməsi üçün tam yetərlidir. Eyni zamanda, biz prezidentli respublika olduğumuza görə, prezident səlahiyyəti olan şəxsin uzun müddətli cəmiyyətin inkişafı ilə bağlı islahatların aparılması üçün uzunmüddətli ehtiyatında seçilmiş müddət olmalıdır. Bu baxımdan, Azərbaycanda prezidentin səlahiyyət müddətinin 7 il olması zamanında verilmiş, günün tələblərinə cavab verən təklifdir. Hesab edirəm ki, bu təklif Azərbaycanda seçicilər tərəfindən dəstəklənəcək və növbəti prezident seçkilərində artıq biz dövlət başçısını öz proqramını yerinə yetirməsi üçün daha böyük bir səlahiyyət müddətinə malik olduğunu görə biləcəyik. Həmçinin, Azərbaycanda artıq özünü təsdiqlətmiş lider, cəmiyyətin etimadını doğrultmuş şəxs, hazırkı Prezident İlham Əliyevdir. Azərbaycanın Heydər Əliyevdən sonra qazandığı uğurlar, məhz İlham Əliyevin adı ilə bağlıdır". Millət vəkilinin fikrincə, Azərbaycanda yeni strukturların yaradılmasına böyük ehtiyac var: "Nəzərə alsaq ki, artıq Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə yaxındır. Artıq biz əhalisi çox olan dövlətlər qrupuna daxil oluruq. Əhalisi çox olan dövlətin idarə olunmasında, şübhəsiz ki, yeni strukturların yaradılmasına böyük ehtiyac var. Vitse-prezident vəzifəsini təsis olunması müəyyən sahələr üzrə prezidentin artıq təyin etdiyi şəxslərin olmasını müəyyən edir. Hesab edirəm ki, Azərbaycanda artıq vitse-prezident vəzifəsinin olmasının zamanı gəlib çatıb. Onların sayının neçə nəfər olması artıq prezident seçilən şəxsdən asılıdır. Hesab edirəm ki, artıq birbaşa xarici məsələlərə, iqtisadi islahatlara, ictimai-siyasi məsələlərə baxan, yaxud parlamentlə əlaqələrə baxan, bir sözlə, istiqamətləri çox olan vitse-prezidentlər təyin oluna bilər. Əlbəttə ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsinə, islahatların davamlı olmasına, Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin inkişafına çox böyük dəstək olacaq".
Beləliklə, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" imzaladığı növbəti referendum aktı layihəsi Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, o cümlədən məhkəmə-hüquq islahatlarının sürətlənməsi və vətəndaş cəmiyyətinin bərqərar edilməsi üçün yeni, daha müasir standartlara cavab verən imkanlar yaradılacaqdır. Bununla da, müstəqil Azərbaycan dövlətinin Avratlantik məkana inteqrasiyasında sürətlənmə yaşanacaqdır.
RƏFİQƏ KAMALQIZI