PDF Oxu

Siyasət

  • 12

Çətin sınaqdan çıxan böyük türk milləti

Çətin sınaqdan çıxan böyük türk milləti

SİYASİ RAKURS

Ərdoğan öz fikirlərində yanılmayıb və ölkəsinin təhlükəsizliyi istiqamətində daim ciddi ehtiyat tədbirlərini saxlayıb

Dahi Atatürk ideyalarının qəhrəmanlıq əsəri olan qardaş Türkiyə Cümhuriyyəti, nəninki Şərqin, eləcə də regionun qürur mənbələrindən biridir. Bu baxımdan, müsəlman ölkəsi olan Türkiyədə dövlətçiliyin demokratik prinsiplər üzərində inkişafı bu amilləri məhv etmək istəyən çağdaş sivilizasiya ilə uyuşmaz sayanların qara niyyətlərini alt-üst edir, ümimiyyətlə, regionun mənafeyinə xidmət edir. Ona görə də Türkiyədə konstitusiyaya, ədalətli seçkiyə və xalqın iradəsinə bağlı olan yönəticiliyin qorunması əsas mahiyyət kimi qiymətləndirilir. Lakin təəssüf ki, demokratiya şüarları altında köhnə işğalçılıq və irqçılık siyasətlərini davam etdirən bir sıra qaranlıq siyasi dairələr və onlara xidmət edən xainlər toplumu hər zaman öz çirkin niyyətlərini reallaşdırmağa cəhdlər göstəriblər. Lakin 15-16 iyulda baş verən məlum olaylardan sonra, bir daha bəlli oldu ki, türk milləti öz canı-qanı bahasına olsa belə, həmin xain qüvvələrə qarşı öz mübarizəsini sərgilədi. Çünki dövlətinin sarsılmaz bütünlüyünün müdafiəçisinə çevrilmiş türk vətəndaşı anlayırdı ki, Türkiyənin çevriliş macəralarına və zorakı hakimiyyət dəyişikliyinə sürüklənməsi yolverilməzdir. Məhz həmin tarixdə xain FETÖ (Fərullah Gülənin terror təşkilatı) xalqın, millətin qətiyyətli dirənişi nəticəsində fiaskoya uğradı, məğlub oldu!

Türkiyə nə Misirdir, nə Suriya, nə İraqdır, nə də ki, Liviya...

Digər tərəfdən, aparılan təhlillər və gəlinən qənaətlər də belə düşünməyə zəmin yaradır ki, qaranlıq qüvvələrin uğursuz cəhdlərindən sonra Türkiyə iqtidarı, Ərdoğan hakimiyyəti bu oyunu uddu və qələbə qazandı. Əlbəttə ki, xalqın və millətin dirənişi sayəsində. Hətta deyərdik ki, Türkiyə Cümhuriyyəti müasir dövrünün ən ağır dönəmini geridə buraxmış oldu, dövlətçilik ağır bir sınaqdan çıxdı.

Bir çox qüvvələr gördülər ki, Türkiyə nə Misirdir, nə Suriya, nə İraqdır, nə də ki, Liviya...Türkiyə dövləti öz mütərəqqi quruluşu ilə regionda bir zirehdir və bu zirehi dəlib keçmək planlarında yanılan FETÖ-çülərə, onları idarə edən qaranlıq Qərb qüvvələrinə yerini göstərdi türk milləti!

"Ergenekon", "Balyoz", "Gezi parkı" olayları

Əbəs yerə deyil ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan istər son aylarda, istərsə də bir neçə il öncə - ölkəsinin baş naziri olduğu zamanlarda da vurğulayırdı ki, onun ölkəsini qarşıdırmaq istəyən güclər var və onlar hər an öz məqamlarını gözləyirlər. Məsələn, "Gezi olayları" adı almış hadisələr zamanı da o bildirmişdi ki, bu, heç də xalqın təbiətin mühafizəsinə yönəldilmiş etiraz aksiyaları olmayıb, planlı şəkildə dövləti qarışdırmaq məqsədini daşıyıb. Ərdoğanın həmin ərəfələrdə baş nazir olduğu zamanlarda İstanbul İxracatçılar Məclisində demişdi ki, sözügedən hadisələrin fonunda ideoloji səbəblər var və bəzi qüvvələr İstanbulda güclənmək niyyətindədir. Bundan əvvəl də Türkiyəni qarışdırmaq, ölkədə xaos yaratmaq istəyən qüvvələrin olduğunu deyən Ərdoğan onu da bildirib ki, Türkiyədə bütün qüvvələrin demokratik şəkildə öz fikrini ifadə etmək haqqı var və hər kəs bu haqdan istifadə edə bilər. Ylnız dövlətçilik maraqlarını ayaq altına atmadan!

Təbii ki, biz buraya "Ergenekon", "Balyoz" kimi dövlət çevrillərinə hazırlıq cəhdlərinin zamanında qarşısının alınmasını da əlavə edə bilərik. Yəni bu, bir faktdır ki, Ərdoğan öz fikirlərində yanılmayıb və ölkəsinin təhlükəsizliyi istiqamətində daim ciddi ehtiyat tədbirlərini saxlayıb. O cümlədən, hər zaman xalqının müqəddəratını düşünərək, məhz türk millətinə arxalanıb. Nəticədə isə, yanılmayıb. Türk milləti bu dəfə də çətin sınaqdan üzüağ çıxdı - demokratiya və ölkə bütövlüyü naminə!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər