Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək, 141 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatının böyük və şərəfli inkişaf yol keçdiyini, bütün dövrlərdə cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirdiyini söyləyib: "Mediada ailədaxili məsələlərin işıqlandırılmasında konfidensiallıq mütləq qorunmalıdır".
H.Hüseynova ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində media qurumları ilə birgə işin aparılmasının çox effektiv nəticələr verdiyini diqqətə çatdırıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov milli mətbuatımızın tarixindən danışaraq, bildirib ki, Azərbaycan mətbuatı "Əkinçi" qəzetindən başlamış bu günədək milli-mənəvi dəyərlərin möhkəmlənməsində, Azərbaycan dilinin saflığının qorunmasında müstəsna rol oynayıb. Azərbaycan ailə modelinin dünyaya örnək olduğunu, bu reallığın mütləq mətbuat səhifələrinə çıxarılmasını qeyd edib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev çıxışında bildirib ki, Azərbaycan dövləti özünün ailə, qadın və uşaq məsələləri üzrə prioritetlərini müəyyənləşdirib: "Azərbaycan bu sahədə bir çox beynəlxalq konvensiyaya qoşulub. Azərbaycan ailə modeli sağlam təməl üzərində qurulmuş bir instituta çevrilib. Biz bu gün qadın jurnalistlərin imzası olmadan Azərbaycan mediasını təsəvvür edə bilmirik. Burada, təbii ki, əsası Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətin çox böyük rolu olub. Azərbaycanda senzura, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib, medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı mükəmməl qanunvericilik yaradılıb. Azərbaycan mediasının inkişafına konseptual yanaşma 2008-ci ildə baş verib. Bu konsepsiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Azərbaycan dünyada yeganə dövlətdir ki, dövlət öz hesabına jurnalistləri mənzillə təmin edir. Bu proses davamlı olacaq".
Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva çıxışında Həsən bəy Zərdabinin bütün ailələrə müraciət edərək, övladlarını təhsil almağa çağırdığını bildirib: "Həsən bəy Zərdabi çox gözəl bilirdi ki, millətin inkişafı maarifdən keçir. Azərbaycan ailə modeli dünya ailə modellərindən yaxşı mənada fərqlənir. Tarixin çətin sınaqlarından uğurla keçən Azərbaycan ailəsi inkişaf edir. Bugünkü inkişaf və müasirlik fonunda da ailə dəyərlərimizi tarixin sınağından üzüağ çıxarmalıyıq. Sevindirici haldır ki, ölkəmizdə boşanmaların sayı azalıb". Natiq vurğulayıb ki, ən böyük dəyər ailədir. Azərbaycan ailə modeli dünyanın heç bir yerində yoxdur. S.Vəliyeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaratmaqla Azərbaycan qadınının dünya tribunasına çıxışını təmin edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyətinə diqqət çəkərək bildirib ki, fond 19 konsepsiya əsasında fəaliyyət göstərir: "Bunlardan biri də gender bərabərliyinin işıqlandırılmasıdır. Bununla bağlı 5 müsabiqə keçirilib. Müsabiqələrə 50-dən çox yazı təqdim olunub. Müəlliflərdən 30-u mükafatlandırılıb".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu və başqaları çıxış edərək, milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıblar. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatda əldə olunan nailiyyətlərdən, eyni zamanda, dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasından və bu səpkidə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Konfransda hazırda Azərbaycanda dövlət ilə mətbuat arasında sağlam münasibətlərin olduğu diqqətə çatdırılıb, ölkəmizdə mətbuata olan diqqət və qayğıdan söz açılıb.
Konfransın yekununda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə, eyni zamanda aparılan araşdırmalar və təhlillər üzrə 2016-cı ilin monitorinqinin nəticələrinə əsasən, jurnalistlər mükafatlandırılıb.
ZÜMRÜD BAYRAMOVA