Silahlı üsyan - Sarkisyanın sonudur
Artıq bir neçə gündür ki, Ermənistanda vəziyyət gərginləşib. Etirazçılar silahlı şəxslərin ələ keçirdikləri polis qüvvələrinin qarşısında avtomobillər, zibil çənləri, dəmir çəpərlər və sair vasitələrdən istifadə edərək, barrikadalar qurmağa başlayıblar. Nəticədə, polis şöbəsinin binasına aparan yollar polisin, ərazidən çıxış isə etirazçıların nəzarətindədir.
Ermənistanın siyasətçiləri ölkədə baş verən bu proseslərdə birinci günahkarın prezident Serj Sarkisyan olduğunu bildirirlər.
Oskanyandan SOS: "Ermənistanda hərbi qiyam..."
Keçmiş xarici işlər naziri Vardan Oskanyan öllkə rəhbərliyinin hadisələrə çox soyuq yanaşdığını bildirib: "Üç gündür ki, Ermənistanda gərgin vəziyyət yaranıb, silahlı qarşıdurma yaşanır. Hərbi qiyam və daha böyük faciəli hadisələr baş verə bilər. Hazırda ölkə hərbi qiyam təhlükəsi ilə üz-üzədir".
Sabiq nazir onu da qeyd edib ki, hazırda Ermənistanda silahlı çevrilişin baş verməsi ehtimalları var. Onun sözlərinə görə, əgər hökumət təcili olaraq islahatlara getməsə, yenə də günahsız insanların qanı töküləcək.
Ermənistan parlamentinin deputatı Nikol Paşinyan isə bildirib ki, artıq əhali silaha əl atır: "Ermənistanda əhalinin əksəriyyəti siyasi məsələləri silah yolu ilə həll etməyin tərəfdarıdır".
Onun sözlərinə görə, burada günahkar Serj Sarkisyandır: "Sarkisyan elə siyasət apardı ki, əhali silaha əl atmaq məcburiyyətində qaldı. Buna görə də, polis binasını tutaraq, Jirayr Sefilyanın azad olunmasını tələb edənləri terrorçu adlandırmaq doğru deyil. Əgər onları terrorçu adlandırsaq, deməli, əhalinin əksəriyyəti də terrorçudur. Çünki əksəriyyət həll yolunu silahda görür".
Asim Mollazadə: "Ermənistan Dağlıq Qarabağı azad etmək yönündə gələcəkdə olacaq təzyiqlərdən sığortalanmaq üçün belə bir oyun aparır"
Millət vəkili Asim Mollazadə isə Dağlıq Qarabağı azad etmək yönündə gələcəkdə olacaq təzyiqlərdən sığortalanmaq üçün belə bir oyun apardığını bildirib: "Ermənistan Dağlıq Qarabağı azad etmək yönündə gələcəkdə olacaq təzyiqlərdən sığortalanmaq üçün belə bir oyun aparır. Fikir verin, hansısa bir xırda hadisəyə görə qoşunlarını töküb hamını məhv edən erməni iqtidarı üç gündən artıqdır ki, Yerevandakı hadisələrin qarşısını almır. Bunun səbəbi yenə də Dağlıq Qarabağ məsələsindən qaynaqlanır".
Millət vəkilinin sözlərinə görə, Ermənistan bu şouları təşkil etməklə beynəlxalq ictimaiyyəti Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı Yerevana təzyiq etməməyə çağırır: "Guya əks- təqdirdə bu, ölkədə çox ciddi narazılıq doğurar. Sözügedən hadisələr qəsdən təşkil olunub və məqsəd beynəlxalq ictimaiyyətin fikrini yanlış istiqamətə yönəltməkdir. Proseslərdə ən fəallar beynəlxalq terror təşkilatı "ASALA"-nın nümayəndələri, qatı millətçilərdir. Onlar hakimiyyətlə toqquşmaları bu gün ciddi qarşıdurma siqnalları deyil, məhz Ermənistana təzyiq edilməməsi üçündür. Hazırda Ermənistanda heç bir əməliyyat həyata keçirilmir, kimsə bu hadisələrin qurbanı olmayıb. Bu, onu göstərir ki, Ermənistan Dağlıq Qarabağı azad etmək yönündə gələcəkdə olacaq təzyiqlərdən sığortalanmaq üçün belə bir oyun aparır".
Polis-vətəndaş qarşıdurması
Erməni deputatı, "Erməni Milli Konqresi"nin müxalifət fraksiyasının üzvü Nikol Paşinyan isə hadisələrin yaxşılığa doğru getmədiyini və proseslərin vətəndaş müharibəsinə doğru aparıb çıxaracağını bildirir: "Artıq deyilən hadisələrin nəticəsi görünməkdədir. Hadisələrin dördüncü günü İrəvanda silahlı şəxslərin ələ keçirdiyi polis şöbəsinin qarşısında polis və mülki vətəndaşlar arasında təkrar növbəti toqquşmalar nəticəsində dörd polis əməkdaşı yaralanıb. Vətəndaşlar ara yollarla mühafizə olunan əraziyə keçməyə cəhd edərkən, polis əməkdaşları ilə toqquşma baş verib. Nəticədə, dörd polis xəsarət alıb, onlar xəstəxanaya aparılıblar. İlkin məlumata görə, yaralar odlu silahla yetirilməyib. Bu insanlar polisi daş-qalaq ediblər".
Qeyd edək ki, nümayişçilər bəyanatla çıxış edib, əhalini "qan tökülməyə yol verməmək üçün birləşməyə" çağırıblar. İzdihamda "Azad, müstəqil, ədalətli Ermənistan!", "Qəhrəmanlarımızın qanını tökməyə qoymarıq!" şüarları səslənib. Həmçinin, etirazçılar silahlı şəxsləri qəhrəman adlandırıblar: "Onlar öz həyatlarını bizim hamımızın daha yaxşı gələcəyi naminə təhlükə altına alıblar. Onlar terrorçu deyil. Terrorçunun necə olduğu və nə etdiyini hamımız bilirik. Onlar ümidsizlikdən bu addımı atmağa məcbur olublar. Onlar qəhrəmandırlar".
Beləliklə, Ermənistanda baş verənlər bir daha işğalçı ölkənin prezidenti Serj Sarkisyanın prezidentlik müddətini vaxtından qabaq başa çatdıracaq.
A.SƏMƏDOVA