Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 22 iyul - Milli Mətbuat günü ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ölkəmizdə mətbuata göstərilən diqqət və qayğıdan söz açıb. YAP rəsmisi bildirib ki, Azərbaycanda mətbuata göstərilən diqqət medianın inkişafına təkan verib: "Mətbuatın inkişafı Ulu Öndərin adı və onun ikinci dəfə hakimiyyətə qayıdışı ilə bağlıdır. Ölkəmizdə bu sahəyə göstərilən diqqət daimidir. Ümumiyyətlə, mətbuatın cəmiyyətdə rolu böyükdür. Hər bir insan mətbuatla ünsiyyətdədir".Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında medianın böyük rola malik olduğunu deyən S.Novruzov qardaş ölkənin qiyamın qarşısının alınmasında Azərbaycan təcrübəsindən istifadə etdiyini dilə gətirib: "Türkiyə hakimiyyəti hərbçilərin dövlət çevrilişinə cəhdinin qarşısını Ulu Öndər Heydər Əliyevin 1995-ci ildəki metodundan istifadə edərək qiyamın qarşısını ala bildi. Təbii ki, burada mətbuatın rolu çox böyük oldu. Kütləvi İnformasiya Vasitələri IV hakimiyyətdir. Hər bir fikrin formalaşması üçün medianın rolunu xüsusi qeyd etmək lazımdır ".YAP icra katibinin müavini Azərbaycan mətbuatının ildən-ilə inkişaf etdiyini dilə gətirib: "Azərbaycan mətbuat digər ölkələrin media orqanlarından fərqlənir. Çünki, ölkəmizin 20 faizi torpağı işğal olunub, 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz var və mətbuat da bunu nəzərə alır, fəaliyyətini bu istiqamətdə qurur. Aprel döyüşlərində media Azərbaycan dövlətinin yanında oldu. Ümid edirik ki, Azərbaycan mediası yaxın vaxtlarda Dağlıq Qarabağın işğaldan azad olunması, yəni qələbə xəbərini dərc edəcək".Sonda bir qrup jurnalist YAP tərəfindən mükafatlandırılıb. Mükafat alanlar sırasında "Səs" qəzetinin əməkdaşı da olub.
sia.az