Prezident İlham Əliyev: "Bütün Azərbaycan xalqı sizin qələbələrinizi gözləyir. Sizə uğurlar arzulayır və əmindir ki, siz Vətəni ləyaqətlə təmsil edəcəksiniz, Azərbaycana böyük qələbə ilə qayıdacaqsınız"
Bəlli olduğu kimi, avqustun 5-də Rio-de-Janeyroda XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarına start veriləcək. Bütün beynəlxalq yarışlardakı kimi bu dəfə də Azərbaycanın həm olimpiyaçıları, həm paralimpiyaçıları ölkəmizi ləyaqətlə təmsil edəcəklər.
Qeyd edək ki, oyunlarda Azərbaycan Olimpiya komandası böyük heyətlə - 56 idmançı ilə iştirak edəcək. Lisenziyaların sayı isə 57-dir. Əlbəttə ki, bu, keçən Yay Olimpiya Oyunlarından çoxdur. Azərbaycan London Yay Olimpiya Oyunlarında 53 idmançı ilə iştirak etmişdi. Xüsusilə də, bu dəfə daha da böyük heyətlə iştirak edəcək idmançılarımızdan yaxşı nəticələr gözlənilir. Çünki idmançılarımız son dörd il ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında xalqımızı sevindiriblər, ölkəmizin şöhrətini ucaldıblar və müxtəlif yarışlardan Vətənə böyük qələbələrlə qayıdıblar. Bu mənada, cəmiyyətimiz əmindir ki, Rio-de-Janeyroda da idmançılarımız vətənpərvərlik, peşəkarlıq, əzmkarlıq göstərərək, ölkəmizi ləyaqətlə təmsil edəcəklər.
Xalqımızın idmançılarımızdan gözləntiləri də səbəbsiz deyildir. Çünki vətənpərvərlik hisslərinin yüksək olması ilə yanaşı, ölkəmizdə idmanın inkişafı üçün dövlət tərəfindən ciddi işlər həyata keçirilib. Məhz Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev deyib ki, Azərbaycanda idman infrastrukturu yaradılır: "Son illər ərzində bölgələrdə 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılmış və tikilmişdir. Bakıda isə idman infrastrukturu ən yüksək səviyyədədir. Təkcə son bir-iki il ərzində bir neçə gözəl və möhtəşəm idman obyekti istifadəyə verilmişdir - Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı. Bu idman obyektləri, eyni zamanda, gözəl memarlıq əsərləridir. Bu binalar, bu qurğular Bakını daha da gözəlləşdirir. Bu idman obyektlərinin ətrafında böyük abadlıq və təmizlik işləri aparılmışdır. Bakı Olimpiya Stadionunun ətrafı ekoloji fəlakət zonası idi. Bir tərəfdən bataqlıq, digər tərəfdən Böyükşor gölü ekoloji təhlükə mənbəyi idi. Bütün o ərazilər təmizləndi, neftlə və digər tullantılarla çirklənmiş torpaqlar oradan çıxarıldı, böyük abadlıq işləri aparıldı. Böyükşor gölünün bir hissəsi tamamilə təmizləndi, 1 kilometr uzunluğunda yeni bulvar və parklar salındı. Su İdmanı Sarayının ətrafı da əvvəllər neft mədənləri idi. Onlar da oradan götürüldü, təmizləndi. Bu gün Su İdmanı Sarayının ətrafında 10 hektarlarla ölçülən gözəl park salınıb və Bakı vətəndaşları bu imkanlardan istifadə edirlər".
Azərbaycanın idman dövləti olmasını dünya və idman ictimaiyyəti də qəbul edir. Azərbaycanda idmanla, Olimpiya Hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz buna görədir ki, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi Azərbaycanda idman sahəsində görülən işlərə çox yüksək qiymət verir. I Avropa Oyunlarının, "Formula-1" yarışının keçirilməsi, həmçinin, Bakıda Dünya Şahmat Olimpiadasının, İslam Həmrəylik Oyunlarının keçiriləcəyini nəzərə alsaq, bütün bunlar bir daha Azərbaycanın idman ölkəsi kimi nüfuzunu nümayiş etdirir.
Bir sözlə, həm ölkəmizin idman dövləti kimi, həm də idmançılarımızın ruh yüksəkliyi xalqımızda qələbə sevincini indidən təmin edir. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanan ölkəmizin təmsilçiləri Londonda 10 medal qazanmaqla rekorda imza atmışdılar. Həmçinin, I Avropa Oyunlarında 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanılması Azərbaycanda yeni güclü gənc idmançılar nəslinin formalaşmasının təzahürüdür və bu faktor əmin edir ki, ölkəmizi təmsil edən idmançılarımız Rio-de-Janeyroda da bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Bütün Azərbaycan xalqı sizin qələbələrinizi gözləyir. Sizə uğurlar arzulayır və əmindir ki, siz Vətəni ləyaqətlə təmsil edəcəksiniz, Azərbaycana böyük qələbə ilə qayıdacaqsınız".