İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın 141 illiyi münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunlarına və qaliblərin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirildi.
Tədbirdə fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və müsabiqədə qalib olmuş jurnalistlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan fondun icraçı direktoru Vüqar Səfərli media nümayəndələrini milli mətbuatın yaranmasının 141 illiyi münasibətilə təbrik edərək, onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı. Ölkədə söz, fikir və mətbuat azadlıqlarının təminatı sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini deyən icraçı direktor fondun təşkil etdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkdi.
V.Səfərli mayın 26-dan iyulun 12-dək davam edən müsabiqəyə 70 kütləvi informasiya vasitəsindən 167 yazının təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini bildirdi. İcraçı direktor fondun Müşahidə Şurasının iclasında ekspertlərin balları əsasında 114 nəfər jurnalistin qalib elan edildiyini diqqətə çatdırıb. O, müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu bildirdi.
Sonra yazı müsabiqəsinin ekspertlərinin fikirləri dinlənildi. Fondun ekspertlərindən olan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid müsabiqəyə təqdim olunan yazıların yüksək qiymətləndirdiyini bildirərək, jurnalist peşəsinə tələbkar yanaşmağı, daha obrazlı şəkildə yazılmasını, eyni zamanda mövzuya yanaşarkən fərqliliyi və obrazlılığı nəzər almağı diqqətə çəkdi. R.Məcidov təqdim olunan 114 mükafatdan 3 bölgə müxbirinin 1-ci yerin qalib olmasını sevindirici hal olduğunu qeyd etdi.
BDU-nun professoru Cahangir Məmmədli, Mətbuat Şurasını sədr müavini Müşfiq Ələsgərli çıxışlarında müsabiqələrə təqdim edilmiş yazılar barədə fikir və rəylərini bildirdilər. Ekspertlər çıxışlarında ölkə jurnalistlərinə fondun təşkil etdiyi müsabiqələrə daha yaradıcı yanaşmağı, tədqiqatlara və analitik mövzulara, eləcə də fərdi və orijinal yazı üslubuna üstünlük verməyi tövsiyə etdilər.
Sonda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirildi, 2 və 3-cü yerin qalibləri mükafatlandırıldı və 1-ci yerin qaliblərinin adları açıqlanaraq, 22 İyul Milli Mətbuat Günündə mükafatlandırılacağı bildirildi.
ZÜMRÜD