PDF Oxu

Siyasət

  • 17

Yeni idarəçilik formatı ölkə üçün uğurlu model olacaq

Yeni idarəçilik formatı ölkə üçün uğurlu model olacaq

Referendum Aktı layihəsinin müddəaları yüksək qiymətləndirilir

Bəlli olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında Sərəncam imzalayıb. Layihədə qeyd edilən və nəzərdə tutulan dəyişikliklərdəki müddəalara görə, ölkəmizin rəhbəri Milli Məclisi buraxmaq səlahiyyətinə də malik olacaq, prezident seçilməklə bağlı 35, deputat seçilməklə bağlı 25 yaş məhdudiyyəti aradan qaldırılacaq, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq, birinci vitse-prezident və vitse-prezidentlər institutu yaradılacaq. Ümumiyyətlə, ictimai rəy konstitusiyaya dəyişikliklərlə bağlı layihəni Azərbaycanın inkişafı baxımından mühüm islahatlar kimi dəyərləndirir.

Təranə Kərimova, YAP Səbail rayon təşkilatının qadınlar şurasınnı sədri:

- Ölkə Prezidentinin konstitusiya ilə bağlı təklif etdiyi dəyişikliklər reallığı ifadə edir və mahiyyət etibarilə Azərbaycanda konstitusiya quruluşunun möhkəmlənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə, ölkəmizdə demokratik cəmiyyətin daha yüksək səviyyədə inkişaf etməsinə xidmət edən təkliflərdir. Konstitusiya islahatı Azərbaycanda dövlətçiliyin güclənməsinə, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş çox uğurlu təşəbbüs və ideyadır. Bu baxımdan, istər parlament istər prezident seçkiləri ilə bağlı yaş məhdudiyyətinin götürülməsi demokratik prinsiplərə zidd olan məqamların aradan götürülməsini ehtiva edir. Əvvəlkilərdən fərqli olaraq, artıq 18 yaşından yuxarı istənilən Azərbaycan vətəndaşı parlament üzvü seçilmək hüququnu daşıyacaq. O cümlədən, ölkə Prezidentinin 7 ildən bir seçilməsi də dünya praktikasında, ələlxüsus da, demokratik ölkələrin praktikasında mövcuddur.

Beləliklə, layihə referendumdan keçəndən sonra idarəetmə sistemində hansı demokratik islahatlarla müşahidə olunacağını görəcəyik. Uğurlu və demokratik layihədir və xalqın da bu layihəyə dəstək göstərəcəyinə və etimadına tamamilə inanıram.

Dilarə Cəbrayılova, millət vəkili:

- Ölkə başçımızın belə bir ideya ilə çıxış etməsi, Referendum Aktı layihəsi ilə bağlı vacib Sərəncamı imzalaması ilk öncə belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanda idarəetmə sistemi daha da konkretləşdiriləcək, vitse-prezidentlərin idarəçilik sistemində iştirak etməsi bir sıra institutların ləğvinə və ya birləşməsinə gətirib çıxaracaq. Nəticədə, biz tamamilə yeni, demokratik idarəetmə dövrünə daxil olacağıq. Bu, həm də ölkəmizin inkişaf mərhələsidir. Eyni zamanda, bu, dövlətin güclənməsinə, daha yüksək demokratik səviyyəyə qalxmasına və xalqın inkişafına xidmət edəcək.

Həmçinin, belə deyə bilərik ki, layihə olaraq bu, Azərbaycanda daha yeni, daha ardıcıl, daha ciddi islahatların həyata keçirilməsinə hesablanıb. Ona görə də, düşünürəm ki, Cənab Prezident bu kimi Referendum Aktı layihəsi ilə bağlı çox uğurlu, dəqiq, perspektivi yüksək olan bir ideyaya imza atıb. Biz Azərbaycanın daha da yeniləşməsi, daha da inkişaf və tərəqqisi, daha da demokratikləşməsi və dünyada söz sahibinə çevrilməsi üçün ümumxalq şəklində referendumun layihəsinə səs verib, onu dəstəkləməliyik.

Rəfiqə KAMALQIZI

Digər xəbərlər