YAP Qazax rayon təşkilatının yaradılmasının 23-cü ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları ötən müddət ərzində dünyasını dəyişmiş partiya üzvlərinin xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov geniş məruzə ilə çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma dövründən, keçdiyi keşməkeşli yollardan danışaraq bildirib ki, müasir Azərbaycan tarixində YAP-ın öz yeri, çəkisi və siyasi gücü var: "YAP-ın yaranma dövrünü göz önünə gətirdiyimiz zaman görürük ki, partiyamız üzləşdiyi bütün çətinliklərdən və sınaqlardan həmişə üzü ağ çıxmışdır. Dövlət müstəqilliynin təhlükəli bir anında ölkənin bir qrup mütərəqqi fikirli ziyalıları 1992-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Ulu Öndər də müraciətə cavab olaraq 1992-ci il noyabırın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransını keçirdi və konfransda Heydər Əliyev partiyanın Sədri seçildi. Beləliklə, Azərbaycanın yeni dövrü başlandı. Hakimiyyətə gəldikdən sonra partiyamız tarixi uğurlara imza atdı".
Sonra H.Pənahov YAP Qazax rayon təşkilatının yaranma tarixindən, keçdiyi çətin və şərəfli yoldan ətraflı danışdı.
Məruzə ətrafında YAP Qazax rayon təşkilatının şura üzvlərindən Abbas Göyüşov, Tərlan Bədəlova, rayon təşkilatının sədr müavini Səfurə Vəliyeva, partiya fəalı Bəsti Ələkbərova çıxış edərək, rayon təşkilatının ötən dövrlərdəki fəaliyyətindən, keçdiyi yoldan danışdılar və təbriklərini çatdırdılar.
Tədbirdə Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolundan, gördüyü genişmiqyaslı işlərdən ətraflı danışdı: "Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsi və Cənubi Qafqazın ən böyük partiyasıdır. Ötən illər ərzində partiyamız bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanmışdır. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, xalq partiyasıdır".
R.HÜSEYNOVA