Bu, Sarkisyanın əqli hakimiyyyətinin sonu deməkdir
Heç şübhəsiz ki, arxada qoyduğumuz həftənin gündəmində əsas mövzu Türkiyədəki hərbi çevriliş cəhdinin nəticələri, həbslər və anti-FETÖ (Fətullahçı Terror Təşkilatı) əməliyyatları oldu. Yerevanda polis bölməsinə hücum və Qazaxıstandakı terror hadisəsi həftənin siyasi gündəminə damğasını vurdu.
Hazırda Ermənistanda baş verənlər, əslində, bu prosesə start verilməsinə dair təəssüratlar yaradır. Belə ki, iyulun 17-də səhər saatlarında Yerevanda, Erebuni rayonunda Ermənistan polisinin patrul-mühafizə alayına hücum edilib. "Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvlərinin hücumu nəticəsində alayın ərazisində 7 polis girov götürülüb. Erebuni rayonunda polis patrul-mühafizə alayına basqın edən şəxslər silahlı qiyamın başlandığını bildirib, hakimiyyətdən istefa verməyi tələb ediblər. Basqın iştirakçıları iyunun 20-də həbs edilən Ermənistan müxalifətinin təmsilçisi, cinayətkar dəstənin təşkilində ittiham olunan Jirayr Səfilyanın azadlığa buraxılması tələbini səsləndiriblər.
Ermənilər Sarkisyanı terrorçu adlandırıb
Ermənistan prezidenti Serj Sarkisyanın Yerevandakı etirazlarla bağlı açıqlaması xaricdə yaşayan ermənilərin qəzəbinə səbəb olub. "SƏS"in erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan prezidentinin sözlərindən qəzəblənən xarici ermənilər də ölkədəki üsyanı dəstəkləyiblər. Məlumata əsasən, hiddətlənən ermənilər ölkədə baş verənlərlə bağlı Sarkisyanı günahkar sayaraq, onu terrorçu adlandırıblar.
Ermənilər "Ya ölüm, ya olum" şüarı ilə tələblərindən əl çəkməyəcəklərini bildiriblər.
Mübariz Əhmədoğlu: "Hazırda Ermənistanda baş verənlər Sarkisyanın oyunudur"
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhəmədoğlu Ermənistanda baş verənləri Sarkisyanın oyunu hesab edir: "Hazırda Ermənistanda baş verən hadisələr Sarkisyanın Jerayr Səfilyanın komandası ilə birgə qurduğu oyundur. Həm də Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa əlaqəsi var".
Politoloqun sözlərinə görə, S.Sarkisyanın qurduğu oyun daxilə deyil, xarici siyasətə hesablanıb: "Ermənistanda bu cür ictimai-siyasi partlayış xarakterli hadisələrin olacağını gözləmək olardı. Ancaq mən də, proseslərin bu şəkildə inkişafını gözləmirdim. Baxın, Serj Sarkisyan Qarabağ danışıqları üçün Sankt-Peterburqa gedərkən, qondarma qurumun rəhbəri Bako Saakyanla görüşdü. İşğal etdikləri beş rayonun qaytarılması və Dağlıq Qarabağ üçün mərhələli danışıqlar məsələsini müzakirə ediblər. O zaman Səfilyan və onun komandası buna etiraz etdi. Sarkisyan da Səfilyan və ona yaxın olan insanların evində axtarış apartdırdı. Bir neçəsini həbs etdirdi. İndi də baş verənlər bunun üstündədir. Görünən odur ki, prezident Sarkisyan Səfilyanın komandası ilə oyun qurub. Məqsəd də odur ki, Putin və Olland Sarkisyandan Dağlıq Qarabağın həlli istiqamətində irəliləyiş barədə heç nə soruşmasınlar. Hesabat istəməsinlər. Soruşsalar da bildirsin ki, ölkə əhalisi buna narazıdır".
Mübariz Əhmədoğlu, həmçinin Jirayr Səfilyanın Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazır olduğu xəbərinə fərqli tərəfdən yanaşdığını deyib: "Əgər keçmiş müdafiə naziri Samvel Babayan baş verən proseslərə qarışsaydı, xalqın və ya "ASALA"-nın Sarkisyana qarşı etiraz etdiyini düşünmək olardı. Babayan isə vəziyyəti anlayıb. Çəkilib, kənarda durub. Doğrudur, Ermənistanda böyük çoxluq Sarkisyan rejimindən olduqca narazıdır. Amma hər kəs başa düşür ki, polis idarəsinə basqın Sarkisyanın özünün qurduğu plandır. Jirayr Səfilyan isə bu planın bir hissəsidir".
Silahlılarla görüşən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan yenə də prezident Serj Sarkisyanın istefasını və yeni hökumətin qurulmasını tələb etdiklərini bildirib. O, vurğulayıb ki, ölkədə çıxılmaz vəziyyət yaranıb: "Hamı anlayır ki, bu vəziyyət belə çox davam edə bilməz".
Baş verən hadisələri şərh edən politoloq Andrias Qukasyan qiyamçıların təslim olmayacağını və son güllələrinə qədər döyüşəcəklərini deyib. O bildirib ki, polislə toqquşmalar nəticəsində, yüzlərlə şəxs həlak ola bilər: "Vətəndaşlar Ermənistan Daxili İşlər Nazirliyi qarşısına toplaşaraq, güc tətbiq edilməməsini tələb etməlidirlər." Politoloq Aleksandr İskəndaryanın sözlərinə görə, bu, tamamilə yeni vəziyyətdir ki, insanlar əllərində silahlarla siyasi məsələləri həll etmək üçün meydana çıxırlar.
Yaşanan olaylar bir daha onu göstərdi ki, işğalçı ölkənin vətəndaşlarının hakimiyyətə qarşı inamları tükənib. Dövlətin onurğa sütunu hesab edilən polisə hücumlar edilir. Bütün bunlar bir daha Ermənistanda demokratiya sahəsində də ciddi böhran yaşandığını, bu ölkədə insan hüquqlarının hakimiyyət tərəfindən kobud şəkildə pozulduğunu, söz və fikir azadlığına heç bir məhəl qoyulmadığını göstərir.
Beləliklə, Ermənistanda bəziləri tərəfindən terror aktı, bəziləri tərəfindən isə çevriliş adlandırılan hadisələr baş verir. Ermənistanın yeni tarixində belə vəziyyət artıq yaşanıb.
Ermənistan hakim partiyanın deputatı Levon Martirosyan bildirib ki, ölkə prezidenti Serj Sarkisyan güzəştə getməyəcək və istefa verməyəcək. Bu da vəziyyəti daha da gərginləşdirir. Hər halda, yaxın bir neçə gündə Ermənistanda baş verəcək hadisələr daha gərgin müstəvidə cərəyan edəcək. Bu vəziyyət, öz növbəsində, Ermənistanda yaranmış xaosun miqyasını daha da genişləndirəcəkdir.
Eyni zamanda, Ermənistanın müxalif "İrs" Partiyası ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi bəyanatı ilə çıxış edib. Yayılan bəyanatda vurğulanıb ki, Ermənistan hakimiyyəti ölkənin qarşısında duran problemləri seçki prosesi və qanun çərçivəsində yox, həmişə qanunsuz və güc tətbiqi yolu ilə həll etməyə çalışır. Belə vəziyyət Ermənistanda qarşıdurma ehtimalını daha da artırır. Təbii ki, belə vəziyyət hakimiyyətdən olan narazılığın daha da artmasına rəvac verir, Sarkisyanın xalq arasında onsuz da zəif olan mövqelərini daha sürətlə laxladır. Bu isə Sarkisyan hakimiyyətinin sonu demək olacaq.
A.SƏMƏDOVA