Türkiyədə fəaliyyət göstərən bir sıra qəzetlərdə belə bir iddia ortaya atılıb ki, guya yaxın vaxtlarda Türkiyə-Ermənistan sərhədləri açılacaq. Şübhəsiz ki, Azərbaycanla qardaş dövlət olan Türkiyənin belə bir addım atması heç bir halda inandırıcı görünmür. Zaman-zaman müəyyən maraqlı qruplar Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı iddiaları mətbuatın gündəminə gətirsələr də, sonda nəticə onlar üçün ürəkaçan olmayıb. Bundan başqa, dünyanın ən yüksək kürsülərindən Azərbaycanın haqq səsini, Ermənistanın işğalçı olduğunu bəyan edən Türkiyənin Ermənistanla sərhədləri açması elə iki qardaş dövlət arasındakı münasibətlərə xələl gətirmək məqsədi güdür.
Konfliktoloq Elşad Quliyev bu məsələnin real olmadığı qənaətindədir: "Hesab etmirəm ki, sərhədlər açıla bilər. Müəyyən qruplar bu məsələni ona görə ortaya atıblar ki, son vaxtlar Türkiyə-Rusiya arasında yaxınlaşma müşahidə olunur. Lakin Türkiyə istənilən halda Azərbaycanın maraqlarını tapdalamaz. Bu, bir halda baş verə bilər ki, Ermənistan işğal etdiyi torpaqları azad etsin. Əvvəla, Türkiyədə baş verən son hadisələr olduqca həssas məqamdır. Belə bir məqamda Ermənistan kimi terrorçu bir dövlətlə sərhədləri açmaq heç də dövlətçilik mənafeyinə uyğun addım ola bilməz. Digər tərəfdən, Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasından öz məqsədləri üçün istifadə edən qüvvələrin gücü çox azdır. Onlar Türkiyə dövlətinin iradəsinə qarşı çıxa bilməzlər".
Politoloq Ülvi Məmmədov da hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi uzunmüddətli bir məsələdir və bunun baş tutması üçün Sarkisyan şərtləri yerinə yetirməlidir: "O şərtlərdən ən başlıcası, Dağlıq Qarabağın işğaldan azad olunmasıdır. Eyni zamanda, Ermənistanın iddia etdiyi, gözü olduğu Türkiyə torpaqları var və Ermənistan bu iddialarından imtina etməlidir. Həmçinin, Türkiyə ilə Ermənistan arasında qondarma "erməni sıyqırımı" məsələsi bu gün də ürək bulandırmaqda davam edir. Həyasızcasına Türkiyə dövlətinə qarşı təxribatlar quran ermənilərin bu iddiası olan yerdə heç bir sərhəd açılmasından söhbət gedə bilməz. Türkiyə dövləti dəfələrlə bəyan edib ki, arxivlər açılsın və 1915-ci il tarixinə tarixçilər qiymət versin. Amma ermənilər bundan qorxdular. Hesab edirəm ki, bu informasiyanın yayılması Türkiyə üçün həssas olan belə bir məqamda qəsdən ortaya atılıb və düşünmürəm ki, sərhədlərin açılması üçün hər hansı bir formada təzyiqlər də işə salınmayıb. Sadəcə, qəbul etmək lazımdır ki, türk dövləti bu addımı atmaz".
Samir