PDF Oxu

Siyasət

  • 26

III Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Oğuzda

III Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Oğuzda

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adlı III Beynəlxalq Multikulturalizm Məktəbi proqrama əsasən, iyulun 24-də Qəbələdə öz işini davam etdirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasından keşiş Konstantin Ata, Böyük Britaniya Yəhudi İcmasının rəhbəri Lourens Brassın iştirakı ilə BBMM-in Analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli "Azərbaycanda dini müxtəliflik" mövzusunda mühazirə oxuyublar. Mühazirədə Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığı vurğulanıb.

Tədbirdə diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığı hüququna malikdir. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

Müsəlman, xristian və yəhudi din nümayəndələri iştirakçıların onlara ünvanladıqları sualları cavablandırıblar.

Günün ikinci yarısında tələbələr Oğuz rayonuna səfər ediblər, "Yəhudi məhəlləsi"ndə olublar, Yuxarı və Aşağı Məhəllə sinaqoqlarını ziyarət ediblər.

Lourens Brass Yuxarı Məhəllə sinaqoqunda çıxış edərək, Azərbaycandakı tolerant mühit haqqında danışıb: "Burada sinaqoqları gəzərkən müsəlmanların yəhudiləri "Şalom" deyə salamladıqlarını, Şabat münasibətilə təbrik etdiklərinin şahidi oldum. Multikulturallıq və tolerantlıq ənənələrinin bərqərar olduğu bu ölkədə olmağımdan çox şadam. Azərbaycan öz tolerantlığı ilə bütün dünyaya nümunə olacaq ölkədir".

Günün sonunda Azərbaycan multikulturalizmi modelini öyrənən tələbələr milli çay süfrəsi ətrafında "Təşəkkürlər, Qəbələ!" adlı mədəni proqramla yay məktəbinin fəaliyyət göstərdiyi regiona minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, III Beynəlxalq Multikulturalizm Məktəbi növbəti günlərdə fəaliyyətini proqrama uyğun olaraq Bakıda davam etdirəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər