PDF Oxu

Siyasət

  • 24

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi

İlham Əliyev: "Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensialı da yaradılsın"

Hər bir ölkənin ərzaq təminatının böyük hissəsi kənd təsərrüfatı sahəsinin üzərinə düşür. Bu böyük bir strateji məqsədin tərkibidir. Qeyd etmək lazımdır ki, hələ Azərbaycanda 90-cı illərin ortalarından başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlarla planlı iqtisadi modeldən liberal bazar iqtisadiyyatına keçid təmin edilib, dünyada ən yüksək inkişaf templəri ilə sənaye, xidmət və kənd təsərrüfatı sahələrində real irəliləyişə nail olunub. Bu gün bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır.

Xüsusilə də, son illərdə respublikamızda qeyri-neft sektorunun, xüsusilə də, regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı dövlət proqramları həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008 və 2009-2013-cü illəri əhatə edən dövlət proqramları, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafın təmin olunması, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramları nəticəsində ümumən iqtisadiyyatımız inkişaf edib, regionlarda iri infrastruktur layihələri həyata keçirilib, əhalinin yoxsuluq səviyyəsi minimum həddə endirilib, biznes mühiti canlanıb. Bütün bunlar kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaradıb.

Qeyri-neft sektorunun, xüsusilə də, kənd təsərrüfatının inkişafı dövlətimizin əsas iqtisadi strategiya sənədi olan "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası"nda əsas prioritet sahə kimi qeyd olunub.

Aqrar sahənin inkişafına dövlət dəstəyi

İqtisadiyyatın şaxələndirilməsi, bütün digər sahələr kimi, aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Son illər aqrar sahənin inkişafına dövlət dəstəyi xeyli artmış, kənd təsərrüfatında sahibkarlıq hissinin gücləndirilməsi istiqamətində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, artıq uzun illərdir ki, Azərbaycanda fermerlərə güzəştli kreditlər ayrılır, "Aqrolizinq" tərəfindən gətirilən texnikalar əlverişli şərtlərlə sahibkarlara icarəyə verilir. Bundan əlavə, aqrar sahədə istehsalçı marağını artırmaq məqsədilə gübrələr və yanacaq da son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Ən başlıcası isə, uzun illərdir ki, fermerlər, torpaq vergisi istisna olmaqla, bütün digər vergilərdən azaddırlar. Əlbəttə, dövlət başçımızın təbirincə desək, dünyada ikinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaratsın, onlara belə güzəştlər etsin. Bütün bunlar isə, heç şübhəsiz, ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, daxili bazarda məhsul bolluğunun təmin edilməsinə hesablanmış addımlardır. Hətta yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevrilməsi də başlıca hədəf olaraq seçilmişdir. Bu məqsədə çatmaq üçün isə ölkəmizdə hər cür imkanlar, ən başlıcası dövlət dəstəyi mövcuddur.

Yeri gəlmişkən, 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin xətti ilə son səkkiz ildə 274,45 milyon manat dəyərində kənd təsərrüfatı texnikası alınaraq ölkəmizə gətirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il iyun ayının 4-də "Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında" imzaladığı Sərəncam isə bu sahəyə göstərilən dövlət qayğısının daha bir parlaq nümunəsidir. Hazırda ölkə əhalisinin 47 faizi aqrar bölgələrdə yaşayır. Onların kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət tərəfindən dəstək göstərilir, aqroservislər yaradılır, kreditlər verilir. Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə vəsait ayrılır. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: "Kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir. Birincisi, indi həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var. Əminəm ki, biz yaxın zamanlarda daha böyük nəticələr görəcəyik. Qeyd etdiyim kimi, bu il artıq 3,1 faiz artım var. Amma daha böyük artım gözlənilir. Əlbəttə ki, biz torpaqlardan daha səmərəli şəkildə istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən bu təklifləri, xüsusilə heyvandarlıqla bağlı olan təklifləri dəstəkləyirəm. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə, o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensialı da yaradılsın".

Ölkə Prezidenti müşavirədə torpaqlardan səmərəli istifadə edilməsinə də toxunub: "Torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir. Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki, digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər".

Dövlət başçısı taxılçılıqla bağlı sahəyə də toxunaraq, bu məhsulun inkişafını daha da genişləndirməyə tapşırıb: "Qeyd etdiyim kimi, biz hələ ki, özümüzü taxılla tam təmin edə bilmirik. Ancaq mən hesab edirəm ki, gələcəkdə biz məhsuldarlığın artırılması hesabına taxılçılığı inkişaf etdirməliyik. Biz iri fermer təsərrüfatlarının timsalında görürük ki, məhsuldarlığı iki dəfə artırmaq olar. Əgər Azərbaycanda taxılçılıqda orta məhsuldarlıq hektardan 50 sentner olarsa, onda bizə yeni torpaq sahələri də lazım deyil. Biz meliorativ tədbirləri digər məhsulların yetişdirilməsinə yönəldə bilərik və beləliklə, ixrac üçün yeni imkanlar yaranacaq".

Sirr deyil ki, son illərdə Azərbaycanda əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-2016-cı illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,2 milyon nəfərə yaxın olan 524 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 657 subartezian quyusu qazılıb, 150 subartezian quyusunda isə qazma işlərinə başlanılıb. Prezident İlham Əliyev bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, əhalisi 380 min nəfərə yaxın olan 37 şəhər və rayonun 134 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat ayırıb.

Göründüyü kimi, Azərbaycanda aqrar sektorun intensiv inkişafı üçün lazımi şəraiti qurmaqdadır. Bütün həyata keçirilən tədbirlər bir daha əminlik yaradır ki, Azərbaycan yaxın gələcəkdə özünü bütün əsas ərzaq məhsulları ilə təmin edəcək və qarşıya qoyulmuş məqsədlərə çatacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər