Azərbaycanda kitabxana işinin informasiya texnologiyaları əsasında yenidən qurulması, maddi və qeyri-maddi mədəni irsin yerlərdə qorunması, təbliği və bərpası, turizm infrastukturunun inkişaf etdirilməsi məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi 26-30 iyul 2016-cı il tarixi üçün nəzərdə tutulmuş, Şəki regional mərkəz olmaqla Zaqatala, Balakən, Oğuz və Qax rayonlarını əhatə edən kitabxana və mədəniyyət müəssisələri işçiləri üçün treniq təşkil edib. Dünən "Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi" "Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsində, mədəni irsin qorunmasında mədəniyyət mərkəzinin rolu" mövzularında səyyar seminar treninqə start verilib. Səyyar seminar-treniq mərkəzin direktoru, fəlsəfə doktoru Ramazan Şabanov tərəfindən açıq elan edilib. Açılışda Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova da iştirak edib.
Seminar-treninqdə əhatə olunan rayonlar üzrə 55 nəfər kitabxana, 49 nəfər mədəniyyət mərkəzləri və klub müəssisələri işçiləri iştirak edir. Treninqi əhatə edən mövzular "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri əhatə edir. Yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası, turizmin inkişaf məsələləri, kitabxana işinin təşkilində informasiya texnologiyalarının tətbiqi, yeni avtomatlaşdırılmış kitabxana informasiya sistemi (ALİSA) seminar-treninqin əsas müzakirə məsələlərindəndir. Treninqə mərkəzin bir qrup əməkdaşları, mütəxəssis olaraq isə M.F.Axundov adına Milli Kitabxananın, BDU-nun, ADMİU-nun, Ədliyyə Akademiyasının bir qrup əməkdaşı mütəxəssis müəllim qismində cəlb olunub. Treninq 30 iyul tarixinə qədər davam edəcək.
NƏZAKƏT