Prezident İlham Əliyev imzaladığı sərəncamlarla yolların tikintisini və bərpasını həyata keçirməklə yanaşı, işsizliyin də aradan qaldırılmasına öz töhfəsini vermiş olur
Azərbaycanın sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, Onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun gerçəkləşdirdiyi mükəmməl strategiya dayanır. Ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında baş vermiş köklü dəyişikliklər və misilsiz nailiyyətlər də bu strategiyadan qaynaqlanır.
Ulu Öndərin inkişaf strategiyasını yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yol infrastrukturu sahəsində də sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter almışdır. Məhz son illər Bakıda, eləcə də regionlarda vəziyyət kökündən dəyişib, dövlət başçısının imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində reallaşdırılan tədbirlər sözügedən sahənin yeniləşdirilməsi üçün möhkəm zəmin yaradıb.
Bu gün Azərbaycanda yol infrastrukturu quruculuğuna xüsusi diqqət ayırılır, avtomobil yollarının tikintisi və bərpası ilə bağlı sərəncamlar imzalanır. Hazırkı vəziyyətə nəzərən demək olar ki, əvvəlki illərlə müqayisədə yol infrastrukturu, demək olar ki, çox dəyişib. Elə statistik rəqəmlər də son illərdə yol infrastrukturu quruculuğunda müsbət dəyişikliklərin baş verdiyini bir daha təsdiqləyir. Belə ki, ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 kilometr təşkil edirdisə, 2013-cü ildə 19000 kilometrə çatdırılıb. 2004-2016-cı illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 kilometrə çatıb, 222 yeni körpü və yol ötürücüsü tikilib.
Əlbəttə ki, bütün bunlarla yanaşı, kənd yollarının yenidən qurulmasını da diqqətdə saxlanılır. Son illər Prezident İlham Əliyev kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar 60-dan artıq Sərəncam imzalayıb. Elə son günlər ərzində imzalanmış sərəncamlarla yol tikintisinə ayrılan 13 milyon manata yaxın vəsait bir daha dövlətin bu sahəyə ayırdığı diqqətin göstəricidir. Məhz Prezident İlham Əliyev iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 1,8 milyon, səksən yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə 8,5 milyon, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2,1 milyon manat vəsait ayırıb.
Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı" və "2014–2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı" dövlət proqramlarında avtomobil yollarının tikintisini vaxtında icra etmək, eləcə də işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədilə iki mindən artıq vətəndaşı müvafiq işlə təmin edib. Prezidentin yerli istehsalın daha da genişləndirilməsi istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən, yolların tikintisi, yenidən qurulması və təmiri zamanı yalnız yerli tikinti materiallarıdan istifadə edilir.
Bir sözlə, "Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq", – deyən Prezident İlham Əliyevin bu istiqamətdəki fəaliyyətinin nəticəsi olaraq əminliklə demək olar ki, avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri bundan sonra da uğurla davam etdiriləcək.
"Səs" Analitik Qrupu