PDF Oxu

Siyasət

  • 40

Qobustanda "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda konfrans keçirilib

Qobustanda "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda konfrans keçirilib

Dünən Qobustanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qobustan rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qobustan rayon icra hakimiyyətinin rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, dini icma sədrləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev adına Parkda Ümummilli Liderin abidəsi ziyarət olunub.

Gənclər Mərkəzində keçirilən konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə" sənədli filminin nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov respublikamızda tarixən müxtəlif millətlərin nümayəndələrinin birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşdıqlarını vurğulayıb.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı diqqəti "Fitnə" sənədli filmində nümayiş etdirilən faciəli səhnələrə cəlb edərək bildirib ki, aldadılaraq Suriyaya aparılan və orada həlak olan gəncin atasının keçirdiyi hisslər, terrorçuların təsiri altına düşən və həbsxanada yatan gənclərimizin peşmançılığı bu gün dini radikalizmin, islam dinindən öz siyasi məqsədləri üçün istifadə edən qüvvələrin törətdikləri fitnə-fəsadlara qarşı hamılıqla mübarizənin zəruriliyini ortaya qoyur.

M.Qurbanlı onu da bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə həmin münasibətlər, bütün hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da qanunlarla tənzimlənir. Ölkədə ali hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının Konstitusiyası fəaliyyət göstərir. Konstitusiyada beynəlxalq hüququn hamılıqla tanındığı norma və prinsiplər əksini tapmaqla yanaşı, bütün növ fundamental insan, vətəndaş hüquq və azadlıqları təsbit edilib. Bu gün Azərbaycanda bütün dinlərin qanunvericiliyə uyğun azad və sərbəst fəaliyyətinə icazə verilir.

Konfransda mövcud təhlükələrin ölkəyə yol tapmaması üçün valideynlərin ailədə, ziyalıların cəmiyyətdə təbliğat aparmalarının zəruriliyi vurğulanıb. Bu barədə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Mərəhməd Mustafayev gənc nəslin dini baxımdan daha da bilikli olması üçün məktəblərdə, müxtəlif təhsil müəssisələrində seminarların, təlimlərin təşkil olunmasının əhəmiyyətini qeyd edib.

R.RƏSULOV

Digər xəbərlər