Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Vergilər Nazirliyinin "Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində"mövzusunda fərdi yazı müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
Bu məqsədlə Vergilər Nazirliyində keçirilmiş mərasimdə MŞ sədri Əflatun Amaşov, Vergilər Nazirinin müavini Sahib Ələkbərov, bu dövlət qurumunun məsul əməkdaşları, Şuranın İdarə Heyətinin üzvləri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə vergi orqanları ilə medianın birgə əməkdaşlığının hüquqi dövlət quruculuğu baxımdan önəmi vurğulanıb. Mövcud xüsusda qarşıya çıxan problemlərə nəzər salınıb. Jurnalistləri düşündürən məsələlərə aydınlıq gətirilib. Bildirilib ki, istər vergi orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılmasına dəstək, istərsə də medianın vergi məsələlərini işıqlandırmaq təcrübəsinin artırılması nöqteyi-nəzərdən jurnalistlər arasında yaradıcılıq müsabiqələrinin təşkili mühüm önəm daşımaqdadır.
Toplantıda "Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində" müsabiqəsinə marağın yüksək olduğu, yazıların ümumən peşəkarlıqla qələmə alındığı vurğulanıb.
Qeyd edək ki, müsabiqəyə qəzet, informasiya agentliyi, internet media resursu daxil olmaqla 40 kütləvi informasiya vasitəsindən ümumilikdə 62 yazı təqdim edilib. Yazı qəbulu 2016-cı ilin may ayının 25-dən iyul ayının 15-dək aparılıb.
Öncədən müəyyənləşdirildiyi kimi, müsabiqədə bir 1-ci (1000 manat), iki 2-ci (hər biri 800 manat), və eyni sayda 3-cü yer (hər biri 500 manat) olub. Bundan başqa 5 həvəsləndirici mükafat (hər biri 200 manat) nəzərdə tutulub.
Tədbirin sonunda qaliblər mükafatlandırılıb.
RƏFİQƏ