İşğalçı ölkə daxildən parçalanır
Ermənistanda polis binasının silahlı qrup tərəfindən ələ keçirilməsindən sonra yaranan kritik vəziyyət davam edir. Düşmən ölkə post-aprel sindromundan çıxa bilmir. Məhz yaranmış kritik vəziyyət iyul ayının 26-da bir daha özünü göstərdi. Yerevanda baş verən atışma nəticəsində qiyamçıların güllələnməsi və 30 nəfərin tutulması Sarkisyan hakimiyyətinin layiq olmadığı posta oturmasının artıq sonu olduğunu bir daha təsdiqlədi. "SƏS" qəzetinin "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib: "Danışıqlar davam etdirilir, polis əməkdaşları yaralılara tibbi yardım göstərilməsini təklif edir, lakin silahlılar bu təklifi rədd edirlər". Məlumata görə, polis alayının binası qarşısında silahlıları dəstəkləyən 30-dək etirazçı saxlanılıb. Polislər Ermənistan prezidenti Serj Sarkisyanın istefası tələbinin əks olunduğu plakatları cırıblar".
Bu faktı da yada salaq ki, qonşu ölkədə davam edən dramatik olaylar iyunun 22-də radikal mövqeli "Təsis parlamenti"nin nümayəndəsi Jirayr Səfilyan həbsindın az sonra başlayıb. Rəsmi məlumata görə, Səfilyanın qanunsuz silah saxlamaq və gəzdirmək ittihamı ilə tutulub. O da qeyd olunurdu ki, o, bir qrup şəxslə birlikdə bir sıra dövlət qurumlarını, o cümlədən poçt-rabitə binalarını, həmçinin Yerevan teleqülləsini ələ keçirməyi planlaşdırırmış.
İşğalçı ölkə yeni siyasi təlatüm ərəfəsində
Bu arada Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin təzədən gündəmə gəlməsi işğalçı ölkədəki mürəkkəb daxili ictimai-siyasi duruma yeni çalarlar qatıb, cəmiyyətdə narazılığı, hakim S.Sarkisyan rejiminə qarşı isə inamsızlığı artırıb. Paralel surətdə radikal müxalifətin, hərbi partiyanın əlinə hakim qüvvəni ittiham eləmək üçün əlavə kozır keçib.
Məsələ ilə bağlı erməni siyasi şərhçilərindən biri - Naira Ayrumyan "Erməni-türk münasibətlərində həyəcanlı xəbərlər" başlıqlı məqaləsində yazır: "Güman ki, Türkiyə-Ermənistanla sərhədləri yalnız Rusiya və Azərbaycanla ortaq maraqlar kontekstində aça bilər. Bu kontekstə isə yəqin ki, Qarabağ məsələsi də daxildir. "Lavrov planı"na daxil olan ərazilərin Azərbaycana qaytarılması məsələsi də böyük ehtimalla, sərhədlərin açılması üçün əsas şərtdir - hansı ki, Bakı da buna razıdır. Bağlı qalan sərhədlər regionun dünyaya absorbsiyası yolunda əsas əngəldir. Qərb Qarabağ şərti olmadan sərhədlərin açılmasını tələb edir. Rusiya isə əksinə, ərazilərin qaytarılması kimi ön şərti yerinə yetirməkdə Ermənistana "kömək" təklif edir. Çavuşoğlu deyir ki, hələlik, Ermənistanla danışıqlar aparmayıb, hərgah, öz həmkarı ilə qarşılaşıb və onunla salamlaşıb. Ancaq Yerevan öz xarici siyasət qərarları ilə bağlı hüququnu bütünlüklə Moskvaya veribsə, o zaman Çavuşoğlunun Ermənistanla danışıq aparması nəyə gərəkdir, onun elə Lavrovla danışması kifayətdir".
Erməni təhlilçilərin də şərhlərindən göründüyü kimi, Türkiyə ilə sərhədlərin açılması məsələsinin gündəmə gəlməsi işğalçı ölkədə daxili həyəcanı, Sarkisyan rejiminə qarşı isə şübhələri artırıb. Bu da o deməkdir ki, ölkə yeni siyasi təlatüm ərəfəsindədir.
Pol Qobl: "Ermənistan növbəti şansını da əldən vermiş olacaq"
Amerikalı analitik Pol Qoblun "The James Town Foundation" nəşrindəki yazısında qeyd edir edir ki, iyul ayında əsas geopolitik proseslər sırasında Cənubi Çin dənizindəki konflikt, Türkiyədəki dövlət çevrilişi cəhdi, Fransadakı teraktla yanaşı, beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edən və sakitcə Rusiya, Azərbaycan, İran və Hindistan arasında "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin reallaşması istiqamətində imzalanan saziş oldu: "Bu saziş nəticəsində təkcə dörd ölkənin dəmiryol qovşağı birləşməyəcək və bu dəmiryolu İran-Azərbaycan-Rusiya üzərindən keçməklə Avropayadək uzanacaq. Bu, çox ciddi və əhəmiyyətli bir iqtisadi layihədir".
Analitikin fikrincə, bu saziş Ermənistanın Moskva üçün iqtisadi və siyasi cəhətdən əhəmiyyətini azaldığının göstəricisidir: "Bu layihənin reallaşmasının digər məqamı ondan ibarətdir ki, İran Yerevana dəmiryol çəkmək niyyətindən vaz keçəcək. Bununla da Ermənistan növbəti şansını da əldən vermiş olacaq. Çünki İran daha çox Azərbaycanla dəmiryol əlaqəsinin qurulmasında maraqlıdır və fəaliyyətini də bu istiqamətdə qurub. Ermənistan onun üçün perspektivli ölkə kimi görünmür".
Öz yazısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan analitik qeyd edib ki, Rusiya Azərbaycana Qarabağ münaqişəsinin həllində yardım etməyə çalışır: "Rusiya Qarabağ münaqişəsinin iki mərhələdə həlli planını hazırlayıb. İlkin olaraq Rusiya Ermənistana təzyiq edib, 5 rayonun azad olunmasına çalışır və bundan sonra Dağlıq Qarabağın gələcək statusu ilə bağlı danışıqlara başlanılır"
Sarkisyanın sərsəm siyasəti vəziyyəti daha da gərginləşdirir
Ermənistan müxalifətinin lideri, hazırda həbsdə olan Jiryar Sefilyan "Azadlıq" radiosuna açıqlamasında bildirib ki, Serj Sarkisyan sərsəm siyasət nəticəsində danışıqları yubatdıqca, ölkədki vəziyyəti daha da gərginləşdirir. J.Sefilyan "Sasna çrer" qruplaşmasının Post-Patrul Xidməti Alayının binasını zəbt edənlərlə də bağlı mövqeyini açıqlayıb. Öz vəkili Ara Zakaryan vasitəsi ilə Serj Sarkisyan hakimiyyətinə ünvanladığı müracitədə deyib ki, ilk gündən bu məsələnin qansız və danışıqlar yolu ilə həll olunmasına hazır olduğumu bəyan etmişəm: "Ümid edirəm ki, hakimiyyət vəziyyətin mürəkkəbliyini nəzərə alaraq, tez bir zamanda danışıqlar masasına əyləşəcək. Mən indidən danışıqların nədən ibarət olduğunu açıqlayıb, onlara zərər verilməsini istəmirəm.
Göründüyü kimi, bütün baş verən hadisələrin kritik durumda olması Sarkisyan üçün isə çıxılmaz vəziyyət yaranır. Belə ki, Serjin Rusiyanın təzyiqləri qarşısında Dağlıq Qarabağ məsələsində geri çəkilməsi onun və komandasının hakimiyyətlə vidalaşması anlamına gəlir. Sarkisyan Ermənistanda hakimiyyətə gəlmiş "Qarabağ" klanının nümayəndəsidir və torpaqların qaytarılması onların öz prinsiplərinə qarşı çıxması deməkdir. S.Sarkisyan anlayır ki, bu plana imza atması mənsub olduğu klan tərəfindən məhv edilməsi deməkdir.
Hadisələrin bu cür gedişatı Serj Sarkisyanı çıxılmaz vəziyyətə salıb. Ermənilər canini tələb edir, Sarkisyan isə susqunluğunu qoruyur. Onun vəziyyətdən çıxmaq üçün Rusiya tərəfinin hazırlayacağı ssenarini gözləməkdən başqa çarəsi yoxdur.
Ermənistanın bütün problemlərdən qurtulmasının yeganə yolu isə Azərbaycandan keçir. Həmişə Azərbaycanın verdiyi çörək sayəsində ayaqda duran bu ölkə işğal etdiyi torpaqlardan çıxmalıdır. Hər şey bu qədər sadədir.
A.SƏMƏDOVA