Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Referendum Aktı üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üsün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirib. Yığıncağı YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev açaraq gündəlikdə Referendum Aktı üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyənləşdirilməsi ilə bağlı məsələnin olduğunu bildirdi. Ş.Hacıyev Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi haqqında geniş məlumat verərək qeyd etdi ki, layihə Konstitusiya Məhkəməsi tərəfindən yekdilliklə bəyənilərək təsdiq edilib: "Azərbaycan Prezidenti tərəfindən Referendumun keçirilməsi haqqında imzaladığı Sərəncama əsasən, sentyabrın 26-da ölkəmizdə referendum keçiriləcək. Konstitusiyamıza əsasən, siyasi partiyalar seçkilərdə rəsmi şəkildə iştirak edə bilər. Bu baxımdan, biz siyasi həmfikirlərimizdən ibarət təşəbbüs qrupu yaratmalıyıq. Referendum Aktı ilə bağlı bütün tədbirlər, təbliğat-təşviqat kampaniyası həmin qrup tərəfindən həyata keçirilməlidir. Ümumiyyətlə, təşəbbüs qrupu 2000 üzvdən ibarət olacaq".
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova hər bir kəsi Referendum Aktı layihəsinin həyata keçməsində fəal olmağa çağırdı: "Bu gün Azərbaycan vətəndaşlarının dünyagörüşü 20 il bundan öncəki ilə müqayisədə kəskin şəkildə dəyişib. Bu da, əlbəttə, ideologiyamızın, ölkəmizin inkişafından irəli gələn məsələdir. Sovetlər Birliyindən ayrıldıqdan sonra Azərbaycan xalqı üçün yeni qapılar açılıb. Yeni qanunların qəbulu ilə yanaşı konstitusiyamıza dəyişikliklər də edilib. Ölkəmiz inkişaf etdikcə, bu dəyişikliklərə daha çox zərurət yaranır".
"SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə çıxışında bildirdi ki, bu gün siyasi proseslərdə hər bir partiyanın fəaliyyəti onun seçkilərdəki qələbələri ilə ölçülür: "Bu baxımdan Yeni Azərbaycan Partiyası, bütün seçkilərdə olduğu kimi, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referendumda da öz mövqeyini və gücünü ortaya qoymalıdır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən irəli sürülən təkliflər zərurətdən irəli gəlir və zamanın tələbidir. Bu dəyişikliklər Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına, çevik idarəçilik mexanizminin tətbiqinə geniş imkanlar yaradacaq. Xüsusilə, bu dəfə təklif olunan dəyişikliklər ölkəmizi bir sıra problemlərdən sığortalamaqla yanaşı, vətəndaşlarımızın hüquqlarının modern cəmiyyətə uyğunlaşdırmaq məqsədi daşıyır".
B.Quliyev çıxışında onu da bildirdi ki, Referendum üzrə yaradılacaq təşəbbüs qruplarının namizədləri xüsusi seçilməlidir.
Qeyd edək ki, yığıncaqda 81 nəfərdən ibarət ilk təşəbbüs qrupu yaradıldı.
Həmçinin, Referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün (10 nəfər iclas iştirakçısına 1 nəfər nümayəndə təyin etməklə) 8 nümayəndə müəyyən edildi.
RƏFİQƏ KAMALQIZI