"Pakistan və Misir partlamentlərinə qondarma erməni soyqrımının tanınması ilə bağlı təqdim olunan sənədlər erməni lobbisinin və bu lobbi ilə iş birliyində olan xarici dairələrin məqsədyönlü fəaliyyətidir. Bu addımla Türkiyəni İslam dünyasında gözdən salmaq istəyirlər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.O qeyd edib ki, Türkiyəyə olan münasibətinə görə, Misir və Pakistanı bir-birindən fərqləndirmək lazımdır: "Pakistanda belə bir qanun layihəsinin qəbul olunması mümkün deyil. Pakistanın Türkiyə və Azərbaycana olan münasibəti buna imkan verməz. Eyni zamanda Pakistanda öz dövlətinin mənafeyini düşünən və yaxın tarixdə türklərin pakistanlılara verdiyi dəstəyi xatırlayan insanlar buna yol verməzlər. Misirin indiki hakimiyyətinin isə Türkiyəyə münasibəti o qədər də isti deyil. Bu, hər zaman qabarıq şəkildə özünü büruzə verir. Misir özünü ərəb dünyasının liderlərindən biri hesab edir və güc mərkəzi kimi görür. Orada hakimiyyətə gəlmiş yeni hərbi rejim Misirdə baş verən proseslərdə müəyyən qədər Türkiyəni günahlandırır. Bu baxımdan Misir parlamentində belə bir layihə müzakirəyə çıxarıla bilər, amma onun qəbulunu inandırıcı görmürəm. Hər halda Misir İslam dünyasında öz nüfuzuna xələl gəlməsinə imkan verməz. Belə bir layihənin qəbulu onların həm İslam Konfransı Təşkilatında nüfuzuna zərbə olar, həm də Türkiyə ilə münasibətlərində çatların daha da dərinləşməsinə gətirib çıxarar".
sia.az