PDF Oxu

Siyasət

  • 25

Niyə tələsirik?

Niyə tələsirik?

-Mənə pislik edən adama mən də pislik etməliyəmmi?

-Bəli!

-Bəs vicdan?

-Vicdan qorxuya verilən ikinci addır...

Viktor Hüqo

Bir neçə gün öncə işıqfordan sürət götürən "Masaretti"nin xorultusundan qorxan qadın bətnindəki 6 aylıq körpəsini saldı. Sizi təbrik edirəm. Yeddi il uşaq gözləyən ananın arzuları da dəfn olundu. Elə həmin gün mənim də bir arzum intihar etdi. Təbrik edirəm. Bakıda "Qızılqaya" restoranında transla bir oğlan evləndi, daha doğrusu, iki kişimizi bir-biri ilə evləndirib, calaq etdik. Gəlinin də adı Aydındır. Hamımızı təbrik edirəm. Həyatda cəmi iki dostum var, bu münasibətlə onları da təbrik etməyi özümə borc bildim. Biri borc əlindən qaynanasına sığınıb. Biri də intihara hazırlaşır, şahmat taxtasını xatırladan bircə köynəyi var. Onun da sağ çiyninə hər gün quş zıllayır. Pul gəlmir ki, gəlmir. Yayın cırhacır istisində belə, köynəyinin üstündən geyindiyi qalın gödəkçəsini çıxarmaz. Siqaretsiz qalmaqdan qorxduğu qədər heç övladsız qalmaqdan da qorxmur. Onun da iki gün sonra övladının toyudur. Təbrik edirəm. Dostum Aydın Canıyev öldüyü gün bu dünyanın onun illlərdir geyindiyi yırtıq corabı qədər də dəyəri - qiyməti olmayacaq. Sizi əmin edirəm, əgər Yer kürəsi fırlansa idi, ana bətnindəki uşağı sala bilməzdi, iki kişi bir-biri ilə evlənməzdi, hətta Aydın Canıyevin ayağının tozu olmayanlar onun başını beş-üç manatla aldada da bilməzdilər. İnanmırsınızsa, sizə sübut edim.

Tutaq ki, təyyarə Bakıdan saat 5-də havaya qalxır. Deyək ki, İstanbula çatmaq üçün 2 saatlıq yoldur. Təyyarə havaya qalxır və İstanbulda enir. Təyyarə saat 7-də İstanbula çatır. Elə deyilmi? Yaxşı, təyyarə saat 1-də Bakıdan havaya qalxsa, saat neçədə İstanbulda yerə enməlidir? Saat 3-də. Bəs deyirsiniz, Yer kürəsi fırlanır!? Əgər fırlanırsa, niyə istənilən saatda mən havaya qalxsam, düz 2 saatdan sonra İstanbulda yerə enirəm? Yer fırlanırsa, mən ora çatanda, niyə başqa ölkəyə, şəhərə yox, məhz İstanbula düşürəm? Axı məntiqlə, Yer fırlanırsa, İstanbul da firlanmalıdır axı. Tak çto, nəyə inanırsınızsa inanın, mənə dəxli yoxdur. NASA bəyan edir ki, bəşəriyyətdə 114 planet, 6236 ulduz var. 114 Quranda sürələrin, 6236 isə ayələrin sayıdır. İstəyirsinizsə, Quranda "ay" sözünün 12 dəfə işlənməsini, Günəş sözünün cəmi bircə dəfə işlədilməsini də bura əlavə edin.

Yadımdadır, 2005-ci il parlament seçkiləri ərəfəsində adını çəkmək istəmədiyim 77 yaşlı (o vaxt 66 yaş) professor rayonumuza gəlmişdi. Düz qırx il idi ki, Yardımlıya, doğulduğu el-obaya gedib-gəlmirdi. Deputat olmaq arzusu çəkib aparmışdı bu adamı rayona. Rayonunun girişində şəlalənin qarşısında dayandı, dağları seyr edirdi, gözləri dolmuşdu. Qolunun biri digər qolundan uzun olan pencəyini başına çəkdi. Sanki yorğana bürünmüşdü. Mən onda başa düşdüm ki, kişi ağlayırsa, dəhşətli olur. Üzünü dağlara çevirib bu misranı dedi:

Səndən ayrılanda uşaq idim mən,

İndi hüzuruna qoca gəlmişəm...

Dağlar da mandat verə bilmədi bu adama...

Samir

Digər xəbərlər