PDF Oxu

Siyasət

  • 26

Qubada referendumla bağlı ilkin təşəbbüs qrupu yaradılıb

Qubada referendumla bağlı ilkin təşəbbüs qrupu yaradılıb

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının qərargahında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncaq keçirilib.

Yığıncağı giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Yusif Avidov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasına təklif etdiyi dəyişikliklər zamanın tələbidir və zərurətdən yaranıb:"Konstitusiyaya təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir. Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması və s. nəzərdə tutulur. Konstitusiyaya təklif edilən dəyişikliklər günün reallığıdır, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdəndir".

Y.Avidov daha sonra referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verərək bildirib ki, "Yeni Azərbaycan" təşviqat qrupu üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəkdir: "Başlıca məqsədimiz konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etməkdir".

Yığıncaqda YAP Quba rayon təşkilatı idarə heyətinin üzvü, millət vəkili Yevda Abramov çıxış edərək, xalqımızın, o cümlədən Quba camaatının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət xəttini birmənalı şəkildə müdafiə etdiyini qeyd edib:

"Əminik ki, təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticələrini verəcək və seçicilərin böyük əksəriyyəti konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaqdır".

YAP Quba rayon təşkilatının idarə heyətinin üzvü, rayon ağsaqqallar şurasının sədri Həsən Günəşli konstitusiyaya təklif olunan dəyişikliklərin zəruriliyini qeyd edib.

Beləliklə, 61 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb və 6 nəfər "Yeni Azərbaycan" Təşəbbüs qrupuna nümayəndə seçilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər