Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Yeniliyə Doğru Gənclər Fondu və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə "İnkişaf bi(r)likdərir" devizi altında qiymətli kağızlar sahəsində biznes simulyasiya yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd qiymətli kağızların alqı-satqı prosesinin və brokerlərin vasitəçilik funksiyalarını gənclərə öyrətmək, biznes sahəsində tələbələrin kommunikativ bacarıqlarını inkişaf etdirməkdir. Biznes simulyasiya "praktiki təhsil" konsepsiyasının modellərindən biridir. Simulyasiya oyununda qiymətli kağızlar bazarında müxtəlif situasiyaların modelləşdirildiyini, iştirakçılara idarəetmənin bütün aspektləri – müddət, qiymət, risk, qərarları qəbul etmək bacarığı və digər faktorlar öyrədilir.
Simulyasiya yarışı iki gün davam edib. Hər biri dörd tələbədən ibarət 10 komanda qiymətli kağızlar bazarının iştirakçıları qismində çıxış edib. Yarışın birinci günü gənclər üçün idarəetmə bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klass keçirilib, birja - simulyasiya ilə tanışlıq olub. İkinci gün isə komandalar virtual bazarda rəqabət aparmağı və düzgün qərarların verilməsi bacarıqlarını nümayiş etdiriblər.
Sonda maliyyə bazarı mütəxəssislərindən ibarət müstəqil münsiflər heyəti qalibləri müəyyən edib. Vaxt və korporativ resurslardan optimal istifadə etməklə ən yaxşı nəticə göstərən UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrindən ibarət komanda birinci yerin qalibi olub. Maliyyə və Mühasibat, Beynəlxalq İqtisadiyyat Məktəbi və Magistratura Mərkəzinin tələbə və magistrlarından ibarət komanda ikinci, SABAH qruplarının komandası isə üçüncü yerə layiq görülüb. Biznes - simulyasiya yarışının xüsusi nominasiyası olan "Bütün maliyyə alətlərindən istifadə edən" komanda isə Biznes və menecment fakültəsinin tələbələri olub.
Birinci yerin qalibləri "ZZ group" şirkətinin təcrübə proqramında müsabiqədən kənar iştirak etmək hüququ qazanıblar. Qeyd edək ki, bu şirkətdə təcrübə keçmək üçün tələbələr ikimərhələli imtahandan keçirlər.
NƏZAKƏT