PDF Oxu

Siyasət

  • 24

YAP Gədəbəy rayon təşkilatı Referendum üzrə ilkin təşəbbüs qrupunu yaratdı

YAP Gədəbəy rayon təşkilatı Referendum üzrə ilkin təşəbbüs qrupunu yaratdı

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və Referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncaq keçirib.

YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yığıncaqda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamının ölkəmiz üçün faydası var: "Ölkə inkişaf etdikcə, təhlükəsizlik sistemi yaxşılaşdıqca, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, beynəlxalq konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün konstitusiyaya müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranır. Azərbaycanda konstitusiya 1995-ci ildə qəbul olunub. Ötən 20 ildən artıq müddətdə Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər olub. İndi də növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, anonim informasiyaların aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur".

R.Nağıyev Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verərək bildirdi ki, məqsədimiz konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etməkdir.

Yığıncaqda YAP Gədəbəy rayon təşkilatının sədr müavini Ləzgi Zeynalov, YAP Gədəbəy rayon təşkilatı idarə heyətinin üzvü və rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov və başqaları çıxış edərək konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zəruri olduğunu bildirdilər. Çıxış edənlər əminliklə yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupunun apardığı işlərin uğurlu nəticəsini verəcəyini və seçicilərin böyük əksəriyyətinin konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaqlarını bildirdilər.

Yığıncaqda 51 nəfərdən ibarət referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb. Onlardan 5 nəfər yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.

R.HÜSEYNOVA

Digər xəbərlər