Dünən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının qərargahında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib. Tədbiri rayon təşkilatının sədri Nazim Ağayev açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamının ölkəmiz üçün faydalı olduğunu bildirib: "Ölkə inkişaf etdikcə, təhlükəsizlik sistemi yaxşılaşdıqca, dövlət strukturlarında islahatlar keçirildikcə, beynəlxalq konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranır. Məlumat üçün qeyd edim ki, konstitusiyamız 1995-ci ildə Ulu Öndər tərəfindən hazırlanaraq ümumxalq səsverməsi ilə təsdiq edilmişdir. Ölkə inkişaf etdikcə, beynəlxalq nüfuzunda baş verən böyük dəyişikliklər, ölkədə aparılan uğurlu islahatların müsbət nəticələri, Azərbaycan xalqının rifahının günü-gündən artması, müxtəlif beynəlxalq Konvesiyalara qoşulması, konstitusiyada dəyişikliklərin aparılması zərurəti yaradır. N.Ağayev çıxışının sonunda hər kəsi prosesdə fəal olmağa çağırıb.
Çıxış edənlərdən YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov, rayon təşkilatının şura üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova və başqaları bildiriblər ki, sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılacaq layihə mütərəqqi dəyişiklikləri nəzərdə tutur: "Bu gün xalqımız Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət xəttini birmənalı şəkildə müdafiə edir. Əminik ki, təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticələrini verəcək və seçicilərin böyük əksəriyyəti konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaqdır".
Sonda 67 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb və onlardan 6 nəfəri "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.
A.SƏMƏDOVA