Dünən Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncağ keçirilib.
Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Konstitusiyaya təklif etdiyi dəyişikliklər zamanın tələbidir və zərurətdən yaranıb: "Prezident İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklər insan hüquqlarının genişləndirilməsinə, vətəndaş cəmiyyətinin modernləşməsinə yönəlib. Bu dəyişikliklər Azərbaycan gəncliyinə daha geniş imkanlar yaradacaq və onların inkişafı üçün böyük stimul olacaq. Bu gün Azərbaycan gəncliyi aktivdir. Onlar ölkənin ictimai-siyasi həyatında uğurla iştirak edirlər. Ölkəmizdə gənclər üçün böyük imkanlar yaradılıb".
K.Mirzəyev çıxışında onu da qeyd edib ki, 1995-ci ildə Azərbaycanda Konstitusiya qəbul olunduqdan ötən 20 ildən artıq müddətdə zərurət yarandıqca Konstitusiyaya dəyişikliklər edilməsi barədə addımlar atılıb. Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, parlament seçkilərində yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur.
Yığıncaqda YAP Biləsuvar rayon təşkilatının idarə heyətinin üzvü Kamil Qurbanlı çıxış edərək bildirdi ki, Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin zəruri olduğu hamıya bəllidir. Təşəbbüs qrupunun bundan sonrakı fəaliyyəti və aparacağı kampaniya üçün təqdim olunan səlahiyyətli nümayəndələrin təsdiq edilməsinə tərəfdardır.
YAP Biləsuvar rayon təşkilatının və rayon ağsaqqallar şurasının üzvü Akif Kazımov çıxış edərək bildirdi ki, xalqımız Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət xəttini birmənalı şəkildə müdafiə edir: "Əminik ki, yeni yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərin böyük əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaqdır".
Yığıncaqda 52 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb. Onlardan 5 nəfər isə təşəbbüs qrupuna nümayəndə seçilib.
R.KAMALQIZI