Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının qərargahında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib. Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı haqqında məlumat verib. Sentyabrın 26-da ümumxalq səsverməsinin keçiriləcəyini bildirən H.Pənahov irəli sürülən təkliflərin mütərəqqi xarakter daşıdığını önə çəkib: "Ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı Azərbaycan xalqının istər iqtisadi durumunda, istərsə də sosial yaşamında öz müsbət təsirini göstərməkdədir. Bu gün Azərbaycan dövləti ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inkişaf etməkdədir. Müasir dövrün tələbləri qanunvericiliyimizin zaman-zaman yeniləşməsi zərurətini gündəmə gətirir. Bu mənada, irəli sürülən Referendum Aktı layihəsi ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha da genişlənməsinə, ölkəmizin qanunvericiliyinin daha təkmil forma almasına yol açacaq. İrəli sürülən Refrendum Aktı layihəsində əksini tapan dəyişikliklərin hər birini təhlil etdikdə, yalnız xalqın maraqlarının əsas götürüldüyü meydana çıxır. Bu dəyişikliklər Azərbaycanın müasir inkişaf dinamikası, modernləşmə strategiyasının tələbləri ilə ayaqlaşaraq, ölkənin siyasi və sosial-iqtisadi inkişafının mahiyyətindən doğur".
Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının idarə heyətinin üzvü Arzu Novruzov, YAP Qazax rayon təşkilatı idarə heyətinin üzvü, YAP Qazax rayon təşkilatı gənclər birliyinin sədri Vüsal İsmayılov irəli sürülən dəyişikliklərin əhəmiyyətindən söz açıblar.
İclasda 51 nəfərdən ibarət təşəbbüs qrupu yaradılıb və onlardan 5 nəfəri "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.
Ü.ƏSGƏROV