PDF Oxu

Siyasət

  • 19

İşğalçı ölkə son durumda

İşğalçı ölkə son durumda

Ermənilər bir-birini qırmağa qalxdı

İşğalçı ölkədə baş verən son olaylar Serj Sarkisyanın istefasının gerçəkləşməsinin reallaşacağına zəmin yaradır. Artıq ötən gecədən etibarən Ermənistan polisi iki həftəyə yaxındır ölkə hakimiyyətini səksəkədə saxlayan "Sansa tsrer" silahlı qruplaşmasının tərəfdarlarının həbsinə başlayıb. Həbslər zamanı polislə nümayişçilər arasında ciddi toqquşma baş verib. "SƏS" qəzetinin RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, 37-si polis olmaqla, 62 nəfər zərər çəkib. Ermənistanın radikal "Müəssislər Məclisi" təşkilatının rəhbəri Qaregin Çuqasyan isə hakimiyyəti hədələyib. O, "Azadlıq" radiosunun Ermənistan bürosuna göndərdiyi yazılı müraciətdə hakimiyyətin polis alayı binasını zorakılıqla ələ keçiriləcəyi təqdirdə cəzasız qalmayacağını bildirib.

Qaregin Çuqasyan: "Sarkisyan və Nalbandyan erməni xalqından başqa hər kəsin maraqlarını müdafiə edir"

Çuqasyan baş verən hadisələrdə Ermənistan hakimiyyətini günahlandırıb və onları ölkəni satmaqda ittiham edib. "Sarkisyan və Nalbandyan erməni xalqından başqa hər kəsin maraqlarını müdafiə edir" deyə o, müraciətində bildirib. Çuqasyan baş verən hadisələrlə əlaqədar gizli fəaliyyətə keçdiyini bəyan edib.

Ermənistanın "İrs" Partiyasının sədri Raffi Ovannisyan isə hakimiyyəti terrorçuluqda ittiham edib. Ovannisyanın fikrincə, Ermənistanda problemlərin həlli üçün bütün vasitələr tükəndiyindən, insanlar silaha əl atmalı olublar. Müxalifət partiyasının sədri bu səbəbdən silahlı qruplaşmanın hərəkətlərinə haqq qazandırdığını bildirib və onları antiterrorçular adlandırıb.

Göründüyü kimi, işğalçı ölkədəki durumun kritik vəziyyətdə olması Ermənistan prezidenti Serj Sarkisyanı çox çətin seçim qarşısında qoyub: "O, bir tərəfdən polis məntəqəsini ələ keçirən silahlı qrupu neytrallaşdırmaq məcburiyyətindədir, digər tərəfdən, qan töküləcəyini bildiyindən hakimiyyətin cəmiyyətin bir hissəsi ilə qarşıdurmasının qaçılmaz olduğunu anlayır. Ermənistanda bu hadisələr ona görə baş verir ki, cəmiyyət indiki hakimiyyəti seçki yolu ilə uzaqlaşdırmanın çətin olduğunu anlayır".

Görünən budur ki, işğalçı ölkədə baş qaldıran silahlı üsyanın tezliklə yatırılacağı çox uzaqdır, çünki Ermənistanda vəziyyət dəhşətli həddə çatmışdır. Belə ki, işğalçı ölkənin əhalisinin 41 faizi yoxsulluq səviyyəsindən də aşağı həddə yaşadığı halda, bu rəqəm keçən il artaraq, 53 faizə yüksəlmişdir. Ermənistanda sabit gəliri olmayan 160 minə yaxın insan var ki, onlar rəsmi statistikada işsiz sayılmırlar. Fəqət, bu insanların ailələrində adambaşına düşən gəlir minimal yaşayış təminatı həddindən də aşağı olduğundan, onlar ifrat yoxsul sayıla bilərlər. Həmin rəqəmləri də 53 faizin üzərinə əlavə etsək, onda belə çıxır ki, ölkə əhalisinin, demək olar ki, yarısından çoxu dilənçi vəziyyətində yaşayır. Bu isə sosial-iqtisadi vəziyyətin kifayət qədər gərgin olduğunu göstərir. Aprel müharibəsindən sonra hələ də özünə gələ bilməyən, ordu rəhbərliyi və keçmiş Qarabağ döyüşçüləri ilə arasında dərin uçurum yaranan Ermənistan hakimiyyəti bu gün böhranlı vəziyyətlə üz-üzə qalıb. Üstəlik, cəmiyyət də Sarkisyan iqtidarına nə apreldəki itkilərlə müşayiət olunan uğursuzluqları, nə də ölkənin sonuncu "müstəqil ərazisini" - hava məkanını da Rusiyanın ixtiyarına verməsini bağışlaya bilmir. Bu mənada, Yerevanda nümayişçilər Serj Sarkisyanın istefasını tələb edirlər.

Yerevan qiyamçılarının liderləri həbs olundu

"SƏS" qəzeti "Novosti Armeniya"-ya istinadən bildirir ki, Yerevanda polis alayının binasını ələ keçirmiş qiyamçı qrupun üzvü Aram Manukyanın həbs olunması barədə Ermənistan məhkəməsi qərar verib. Aram Manukyanın vəkili İnessa Petrosyanın sözlərinə görə, hazırda Aram Manukyan və atası Pavlik Manukyan "Erebuni" tibb mərkəzindədirlər. O, həmçinin bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Şurası Pavlik Manukyanın həbsi üçün sorğu təqdim edib, lakin məhkəmənin nə vaxt keçiriləcəyi məlum deyil. Hər ikisi Cinayət Məcəlləsinin 219-cu (bina və qurğuların alınması) və 235-ci (odlu silah və döyüş sursatını qanunsuz saxlama) maddələri ilə ittiham olunur. Ermənistan Milli Təhlükəsizlik Xidməti "Təsis Məclisi"nin üzvü Alek Yeniqomşyanı da saxlayıb.

Xatırladaq ki, Alek Yeniqomşyan ASALA terror təşkilatının üzvüdür, 1980-ci ildə Cenevrədə əlində qumbara partlayıb və o, görmə qabiliyyətini itirib.

Yerevanda dramatik anlar

"SƏS" qəzetinin TASS-a istinadən verdiyi məlumata görə, Yerevanda vəziyyət yenidən gərginləşib. Belə ki, 17 iyuldan polis bölməsini zəbt edən qiyamçılar təcili yardım briqadasını girov götürüblər. Həkimlərin zərərçəkənlərə yardım məqsədilə çağrıldıqları qeyd olunur. İlk dövrdə girov götürülənlər azad edilsələr də, görünür, hakimiyyət dairələrinin qan tökməyəcəkləri barədə verdikləri bəyanatdan bölməni zəbt edənlər sui-istifadə etməyə cəhd ediblər. Polis binasını tutan qrupun üzvü Pavel Manukyan bəyan edib ki, "Öləcəyik, amma buranı qələbəsiz tərk etməyəcəyik".

Siyasi partiyalar yaranmış şəraitdə iqtidarı günahlandırsalar da, əhali Sarkisyanın istefasını tələb edir. Yerevanda vəziyyətin nəzarətdən çıxmaması üçün təhlükəsizlik qüvvələrinin hücumla polis bölməsini azad etmək planları həkimlərin girov götürülməsindən sonra təxirə salınıb.

Erməni mətbuatının məlumatına görə, kritik vəziyyət davam edir.

Politoloq Arutyun Mesropyan bildirib ki illər ərzində Ermənistanda narazılıq yığılıb qalaqlanmışdı və bu narazılıq nəhayətdə partlayışa gətirib çıxarmalı idi. Bu gün cəmiyyətdə narazılıq, hakim Sarkisyan rejiminə qarşı isə inamsızlığı artırıb.

Beləliklə, Sarkisyan yaranmış vəziyyətdən çıxış yolu axtarışındadır. Əgər Sarkisyan bu sərsəm siyasəti ilə çox axtarışda olacaqsa, o zaman gec olacaq. Çünki artıq qarşıduran tərəflər bir-birinə atəş də açır. Deməli, əgər qan töküləcəksə, günahkar Sarkisyan olacaq və xalq onu bağışlamayacaq.

A.SƏMƏDOVA

Digər xəbərlər