"Konstitusiyaya təklif edilən əlavə və dəyisikliklər dövlətçiliyin möhkəmləndirilməsinə yönəlib"
Məlum olduğu kimi, Prezident İlham Əliyev iyulun 18-də "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında Sərəncam imzalayıb. Konstitusiya Məhkəməsinin Plenumunun iyulun 25-də keçirilən iclasında sözügedən məsələyə baxıb və Referendum Aktı layihəsinə müsbət rəy verilib. Dövlətimiz üçün olduqca vacib amilləri özündə ehtiva edən əhəmiyyətli tədbirin keçirilməsi üçün Prezident İlham Əliyevin daha bir Sərəncamına əsasən Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum sentyabrın 26-na təyin olunub.
Mövzu ilə əlaqədar SİA-ya açıqlama verən millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev hesab edir ki, Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliklərin hər biri mütərəqqi xarakter daşıyır və demokratik şəraitdə yaşayan Azərbaycan vətəndaşları təyin olunmuş zamanda səsvermə məntəqələrinə gedərək, öz seçimlərini edəcəklər.
A.Əliyev onu da vrğulayıb ki, ölkəmizin sürətli inkişafı, eləcə də beynəlxalq aləmə inteqrasiya indiki mərhələdə qanunvericiliyin təkmilləşdirilməsi zərurətini meydana çıxarır: "Azərbaycanın hazırkı mövcud reallıqları Konstitusiyaya dəyişikliklər etməyi şərtləndirir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır. Bu islahatlar bir çox sahələri əhatə edir. İqtisadi sahədə verilən qərarlar, aparılan islahatlar artıq öz nəticələrini verib və dünyada baş verən qlobal iqtisadi kataklizmlər fonunda belə bu ilin ilk 6 ayı ərzində Azərbaycan öz iqtisadi inkişaf dinamikasını qoruyub saxlaya bilib".
Millət vəkili onu da bildirib ki, Azərbaycanda bir neçə dəfə referendum keçirilib və sonuncu referendum 7 il əvvələ təsadüf edir: "Məhz ötən 7 ildə ölkəmiz uğurla inkişaf edərək dünya dövlətləri içərisində özünəməxsus yerini qazanıb. Bu gün müstəqil Azərbaycan inkişafının elə bir mərhələsindədir ki, Konstitusiyada bir sıra dəyişikliklərin edilməsi zərurətə çevrilib. Ona görə də hesab edirəm ki, dövlətin apardığı məqsədyönlü siyasəti dəstəkləyən hər bir vətəndaşımız bu dəfə də tərəqqiyə, inkişafa səs verəcəkdir".
A.Əliyev Referendum Aktı layihəsində Konstitusiyaya təklif edilən bir sıra müddəalar barədə də danışaraq bildirib ki, ölkəmizdə prezidentlik müddətinin 5 ildən 7 ilədək artırılması, deputatlığa namizədlərə qarşı yaş senzinin aradan qaldırılaraq 18 yaş müəyyənləşdirilməsi, vitse-prezident postlarının yaradılması, bütövlükdə 29 maddənin hər biri tam şəkildə demokratiyanın tələblərinə cavab verir: "Əbəs yerə deyil ki, Konstitusiya Məhkəməsi də qərara alıb ki, təklif olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığından və 155-ci maddənin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə çıxarıla bilər. Düşünürəm ki, bu və digər amilləri nəzərə alaraq son sözü xalq deyəcək. Mən də bir millət vəkili kimi əminəm ki, xalqımız irəli sürülən layihəyə yekdilliklə "hə" deyəcək".
Millət vəkili, həmçinin daha bir amilə də toxunaraq qeyd edib ki, bir sıra aparıcı ölkələrdə bu tipli konstitusiya dəyişkilikləri tətbiq edilib və bu da normal qarşılanır: "Əksər demokratik ölkələrdə prezidentlik müddətinin 7 ilədək artırılması faktları mövcuddur. Fransada, Türkiyədə və digər ölkələrdə prezidentin səlahiyyət müddəti 7 ildir. Bundan başqa, İtaliyada, İrlandiyada, İsraildə də prezident 7 il müddətinə seçilir. Azərbaycan inkişaf etməkdə olan ölkədir və qarşısındakı hədəflər böyükdür. Əgər xalq prezident seçərkən ona etimad göstərirsə, ölkənin bütün sahələrində inkişaf hiss olunursa, əhalinin yaşayış səviyyəsi yüksəlirsə, o zaman prezidentimizin səlahiyyət müddətinin 5 il deyil, 7 il olması daha məqsədəuyğun olar. Özlərini müxalifət adlandıran bəzi siyasətbazlar bu amildən öz şəxsi məqsədləri üçün istifadə edib səs-küy qaldırır, əsassız bəyanatlar səsləndirirlər. Bu, anlaşılmazdır. Diqqət yetirin, artıq bir neçə gündür ki, müxalifətin ənənəvi, yaxud da radikal adlandırılan qanadı, xüsusilə qeyri-milli fəaliyyəti ilə tanınan "Milli Şura" və AXCP rəhbərliyi sosial şəbəkələrdə kimlərinsə sifarişlərini icra edərək, referendum layihəsinə qarşı qərəzli fikirlər səsləndirir, hətta etirazlara başlayacaqlarını iddia edirlər. Biz prezident və parlament seçkiləri ərəfəsində də bunların belə səs-küy salmalarının şahidi olduq. Nə baş verdi? Xalq onların yanında olmadı, onlara dəstək vermədi. Hətta gördük ki, minlərlə insanın toplaşa biləcəyi stadiona 300-500 nəfəri zorla toplaya bildilər. Budurmu "xalq hərəkatı?" Əslində demokratiya və inkişafa qarşı çıxan, xarici havadarlarının buyruq qullarına çevrilən qondarma müxalifətin belə addımları yalnız istehza doğura bilər. Fakt budur ki, Azərbaycanda referendum keçirilməsi barədə qərarın verilməsi dövlət başçısının səlahiyyətlərinə daxil olan bir məsələdir və Cənab Prezident də bu səlahiyyətindən, hüququndan istifadə edir. Ölkədə iqtidar-xalq birliyi mövcuddur və Azərbaycan xalqı firavan, xoşbəxt yaşamağa üstünlük verir. Belə olan təqdirdə xalqımızın növbəti dəfə hakimiyyətlə vəhdət olaraq inkişafa, tərəqqiyə səs verməsi kimsədə şübhə doğurmamalıdır və referendumun keçiriləcəyi tarixi gündə bunun bir daha şahidi olacağıq".
sia.az