YAP Ağsu rayon təşkilatında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı iclas keçirilib
Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının qərargahında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncaq keçirilib. Yığıncaqda çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı barədə fikirlərini bildirərək qeyd edib ki, təklif olunan layihə ölkəmizin inkişafında növbəti mərhələnin əsası olacaq: "Müasir dövrümüzün çağırışları ilə səsləşən əlavə və dəyişikliklər ölkəmizdə idarəçiliyin daha da operativləşməsinə, eləcə də iqtisadi inkişafımızın davamlı olmasında mühüm rola malik olacaq".
Tədbirdə çıxış edən rayon Ağsaqqalar Şurasının sədri Camaləddin Zeynalov, rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasi və digərləri xalqımızın hər zaman Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiq olduğunu bildiriblər. Qeyd edilib ki, sentyabrın 26-da ümumxalq Referendumuna çıxarılacaq layihə mütərəqqi dəyişiklikləri nəzərdə tutur.
Yığıncağın sonunda 55 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb və onlardan 5 nəfəri yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.
Ü.ƏSGƏROV