Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon icra hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər planına uyğun olaraq, artıq 3-cü dəfə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə rayonun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri və Müdafiə Nazirliyinin ön cəbhə xəttində xidmət edən zabitlərinin övladları, ümumilikdə, 250 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı "N" saylı hərbi hissədə hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" istirahət düşərgəsi yaradılmışdır.
Bu layihənin Müdafiə Nazirliynin hərbi hissəsində keçirilməsi ilə məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan vermişdir. Hərbi hissədəki əsgər kazarmalarının birində "Gənc Heydərçilər" üçün hər cür şərait yaradılmışdır. Burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, milli qəhrəmanlarımıza həsr olunmuş stendlər, hərbi təlimatlar asılmışdır. Məktəblilər hərbi hissədə şəxsi heyətin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, özləri də təlimlərə qatılmışlar. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaratmışdır.
Uşaqların Qusar rayonunın görməli yerlərinə, meşələrə, tarixi guşələrinə, o cümlədən Heydər Əliyev Mərkəzinə, Gənclər Evinə gəzintiləri təşkil olunmuş, istirahətin 1 günü hərbi hissə tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq, gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsilə verilmişdir.
Düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Müdafiə Nazirlyinin idarə rəisi, general-mayor Rasim Əliyev və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, hərbi təlimlərdə fərqlənmiş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyə işlərində cavabdeh olan dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim edilib.
Sonda respublikamızın tanınmış incəsənət xadimləri və hərbi hissənin orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstəriblər.
Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu gözəl və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Ü.ƏSGƏROV