YAP Şəmkir rayon təşkilatı Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncaq keçirib
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı aparatının inzibati binasında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə əlaqədar olaraq yığıncağ keçirilib.
Yığıncağın sədr və katibi seçildikdən sonra iclasın gündəliyi barədə məlumat verən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müvafiq Sərəncamı barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verərək, bu Sərəncamın ölkəmiz üçün əhəmiyyətindən bəhs edib.
Yığıncaqda çıxış edən YAP Şəmkir rayon təşkilatı idarə heyətinin üzvü Vüqar Alıyev və başqaları konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin Azərbaycanın hazırkı inkişaf mərhələsinin reallıqlarını özündə əks etdirdiyini xüsusi vurğulayıblar: "Ölkəmiz hər sahədə dinamik inkişafa nail olub. Buna görə də Əsas Qanunda bir sıra dəyişikliklərin edilməsinə zərurət yaranıb. Təklif olunan əlavə və dəyişikliklər Azərbaycanın demokratiyaya, vətəndaş hüquqlarının qorunması prinsipinə bundan sonra da sadiq qalacağını təsdiqləyir." Çıxış edənlər cəmiyyətin konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə müsbət münasibət bildirəcəyinə əminliklərini ifadə ediblər.
Tədbirin sonunda 63 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb və onlardan 6 nəfəri yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndə irəli sürülüb.
R.HÜSEYNOVA