Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının qərargahında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və Referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq, iştirakçıları gündəlikdə duran məsələ barəsində məlumatlandırıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamının Azərbaycanın inkişafına tam cavab verdiyini bildirib.
Ə.Vahabova Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verərək bildirib ki, "Yeni Azərbaycan" təşviqat qrupu üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəkdir. Başlıca məqsədimiz Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq edək.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatının qadınlar şurasının sədri Xuraman Qurbanova, partiya veteranı Valeh Salehov, əməkdar müəllim Şəfaqət Rəsulov və başqaları çıxış edərək, konstitusiyaya təklif olunan dəyişikliklərin Azərbaycan Respublikasında gedən iqtisadi inkişafdan, dövlət strukturlarının təkmilləşdirilməsi, silahlı qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, o cümlədən seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması və s. zərurətindən irəli gələn dəyişikliklər olunduğunu bildirdilər. Bu dəyişikliklər çox vacibdir, aktualdır və günün tələblərinə tam cavab verir.
NƏZAKƏT