Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi qlobal iqtisadi böhranın yaranmasına səbəb oldu. Azərbaycan Prezidenti İlham Əliyev Sədrliyi ilə bu yaxınlarda keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da sözügedən məsələyə toxunaraq dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini bildirdi. Dövlət başçısı müşavirədə, həmçinin Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirdi.
İlin birinci yarısında 78 min daimi iş yeri açılıb
Ölkə Prezidenti müşavirədə cari ilin altı ayında ölkəmizin xarici siyasətinin fəal olduğunu, 10-dan çox dövlət və hökumət başçısının Azərbaycana səfərə gəldiyini, özünün də xaricə səfərlərinin beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğuladı. Dövlət başçısı çıxışında iqtisadi inkişaf proseslərindən də danışdı, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu dedi. Bildirdi ki, ötən 6 ayda ölkə iqtisadiyyatina 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. "2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq", - deyən dövlətimizin başçısı strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlərin davam etdirildiyini vurğuladı.
"İdxaldan maksimum dərəcədə asılılığı aradan götürmək, ixrac potensialımızı artırmaq gələcək fəaliyyətimiz üçün prioritet istiqamət olmalıdır"
Prezident İlham Əliyev yekun nitqində prioritet istiqamətlər üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini qeyd etdi. Dövlət başçısı ixrac yönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi.
"İdxaldan maksimum dərəcədə asılılığı aradan götürmək, ixrac potensialımızı artırmaq gələcək fəaliyyətimiz üçün prioritet istiqamət olmalıdır"- deyən ölkə Prezident İlham Əliyev onu dha vurğuladı ki, bununla paralel olaraq ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır: "Əlbəttə, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur, ancaq digər məhsullar üçün biz gərək rəqabətə girək. Çünki dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır, böyük dövlətlər, böyük firmalar o bazarları böyük dərəcədə bölüblər, ona görə də öz məhsulumuzla bu bazarlara girmək üçün gərək böyük səylər göstərək".
Prezident İlham Əliyev çıxışı zamanı onu da bildirdi ki, bu il ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir.
Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən dövlətimizin başçısı son illərdə Bakıda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Formula-1 Avropa Qran-prisinin ölkəmizdə turizmin inkişafına ciddi dəstək verdiyini bildirdi.
Müşavirədə, Prezident İlham Əliyev "ASAN Xidmət"in fəaliyyətinə də toxunaraq, artıq bu quruma yarandığı vaxtdan indiyə qədər 10 milyon müraciət edildiyini, ölkədə 9 "ASAN Xidmət" Mərkəzinin fəaliyyət göstərdiyini, bu il isə Masallı və Qəbələdə yeni mərkəzlərin yaradılacağını diqqətə çatdırdı. Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu vurğulayan dövlət başçısı 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini bir daha ifadə etdi.
R.HÜSEYNOVA