Elçin Mirzəbəyli: "Keçiriləcək görüş regionda yeni münasibətlər sisteminin formalaşmasına imkan yaradacaq"
Xəbər verildiyi kimi, avqustun 8-də Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda görüşü keçiriləcək. "Bu görüşdən gözləntilər nədən ibarət ola bilər" sualına cavab olaraq politoloq Elçin Mirzəbəyli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, prezidentlərin üçtərəfli görüşü kifayət qədər mühüm bir məqamda keçirilir: "Regionda baş verən proseslər kifayət qədər intensivdir və dünyanın diqqət mərkəzindədir. Nəzərə almaq lazımdır ki, regionun üç əhəmiyyətli dövlətinin başçıların bir araya gəlirlər. Yaxın prespektiv üçün yeni əməkdaşlıq barədə müzakirələr aparacaqlar. Bu müzakirələrdə regiondakı durum, iqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizləri ilə bağlı müzakirələr ön planda olacaq. Bununla bağlı rəsmi açıqlamalar da verilib. Eyni zamanda, Azərbaycanda proritet təşkil edən məsələlər xüsusilə də, Dağlıq Qarabağ məsələsi gündəmdə olacaq və bu ətrafda müzakirələrin aparılacağı şübəsizdir".
E.Mirzəbəylinin sözlərinə görə, Bakıda keçiriləcək üçtərəfli görüşlər və daha sonra isə Sankt-Peterburuqda Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş regionda yeni münasibətlər sisteminin formalaşmasına, yeni əməkdaşlığın yaranmasına imkan yaradacaq: "Bir sözlə, Ermənistan istisina olmaqla, digər dövlətlər başa düşürlər ki, regionun təhlükəsizliyini, sabitliyini təmin etmək lazımdır. İndiki şəraitdə təhlükəsizliyə kifayət qədər ciddi təhdidlər var. Bunun da yolu yaxın əməkdaşlıqda və qarşılıqlı münasibətlərin inkişafından keçir".
"Rusiyanın dövlət başçısı Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli görüşü nəzərdə tutulur. Dağlıq Qarabağ məsələsi başlıca müzakirə mövzusu ola biləcəkmi" sualına cavab olaraq politoloq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi Azərbaycan üçün prioritet məsələdir. Bildiyiniz kimi, Prezident İlham Əliyev bütün mümkün imkanlardan istifadə edərək, Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını hər zaman gündəmə gətirib. Bu təkcə iki tərəfli görüşlərdə deyil, hətta iqtisadi formatlarda keçirilən beynəlxalq tədbirlərdə belə Prezident İlham Əliyev tərəfindən gündəmə gətirilir. Şübəsiz ki, Vladimir Putinlə aparılacaq müzakirələrdə də proritet məsələlərdə biridə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi olacaqdır".
GÜLYANƏ