2016-cı il sentyabr ayının 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və 24 qeyri-hökumət təşkilatı tərəfindən ilkin təşəbbüs qrupunun yaradılması məqsədi ilə bu gün yığıncaq keçirilib. SİA-nın məluamtına görə, yığıncaqda həmkarlar ittifaqlarından və QHT-lərdən 4002 təşəbbüsçünü təmsil edən 402 nümayəndə iştirak edib.İclasda Konstitusiyaya təklif edilən dəyişikliklər yüksək qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin prezident olduğu illərdə Azərbaycan dövləti kifayət qədər güclənib. Bildirilib ki, zaman keçdikcə bütün ölkələrdə konstitusiyaya dəyişikliklər referenduma çıxarılır. Bu gün ehtiyac yaranıb ki, Azərbaycan Konstitusiyasına müvafiq dəyişikliklər olsun və bu dəyişikliklər çox mütərəqqi dəyişikliklərdir. Vurğulanıb ki, Konstitusiyaya təklif edilən bu dəyişikliklər Azərbaycan dövlətinin daha da güclənməsinə xidmət edəcək.Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun "Vətəndaş cəmiyyəti" təşəbbüs qrupu adlandırılması qərara alınıb.Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 25 nəfər səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub, habelə yaradılan təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi haqqında qərar qəbul edilib.Yığıncaqda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyevin, Milli Qeyri-hökumət təşkilatı (QHT) Forumunun prezidenti Rauf Zeyninin, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqovun, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənlinin, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidovun və digərlərinin çıxışları olub.Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.
sia.az